“I Naxçıvan Beynəlxalq Tibb Günləri - 2026” keçirilir

24 Sentyabr, 2026 - 10:38
“I Naxçıvan Beynəlxalq Tibb Günləri - 2026” keçirilir

Naxçıvan şəhərində “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026” keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, 24-26 sentyabr tarixlərini əhatə edən tədbir Naxçıvan Dövlət Universiteti, Ankara Universiteti (Türkiyə), Avrasiya Qastroenteroloji Cəmiyyəti (Türkiyə) və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutur.

Beynəlxalq elmi-praktik platformaya Ankara Universiteti (Türkiyə), Hacettepe Universiteti (Türkiyə), Azərbaycan Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Avrasiya Qastroenteroloji Cərrahlar Cəmiyyəti (Türkiyə), Azərbaycan Üz-Çənə Cərrahlar Cəmiyyəti, Azərbaycan Plastik-Rekonstruktiv Cərrahlar Cəmiyyəti, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyəti, Azərbaycan Hepatoloqlar və Qastroenteroloqlar Cəmiyyəti, Türkiyə Ostomi Cəmiyyəti, Memorial Sağlamlıq Qrupu (Türkiyə) və Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti təşkilati dəstək göstərir. 

“I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026”nın əsas məqsədi tibb elmində bilik və təcrübə mübadiləsini genişləndirmək, beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək, müasir diaqnostika və müalicə yanaşmalarını müzakirə etmək, həmçinin tibbi təhsil sahəsində əldə olunan yenilik və nailiyyətlərin paylaşılmasına şərait yaratmaqdır. Tədbir çərçivəsində mühüm beynəlxalq elmi tədbirlərin keçirilməsi nəzərdə tutulur. 

Beynəlxalq Tibb Günlərində Avropa, Amerika və türkdilli ölkələrdən tanınmış alimlərin, həkimlərin və müxtəlif ixtisaslar üzrə mütəxəssislərin iştirakı gözlənilir.

“I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026”da ümumilikdə xaricdən və Bakı şəhərindən 300-dən çox professor və yüksəkixtisaslı həkim heyətinin iştirakı gözlənilir. Tədbirin ümumilikdə 2000-dən çox heyəti - tibb personalı, rezident və tələbələri əhatə etməsi planlaşdırılıb.