I sinfə qəbul başlayır – Ən vacib məqamlar
Mayın 6-dan 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
"Azərbaycan müəllimi" 2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair ən çox soruşulan sualların cavablarını təqdim edir.
Sual: Uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Cavab: Ümumi təhsil müəssisələrinin birinci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az
elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.
Sual: Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?
Cavab: Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Sual: Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?
Cavab: Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil
müəssisələrini əhatə edir.
Sual: Qəbul prosesi hansı tarixdən başlanılır?
Cavab: Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllığı aşağıda qeyd
olunan qaydada təşkil olunacaq:
• 01 may 2026-cı il saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı;
• 06 may 2026-cı il saat 15:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi;
• 06 may 2026-cı il saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə
aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və olunmamış
uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan
müsahibəyə yazılmaq üçün qeydiyyat;
• 06 may 2026-cı il saat 15:00-dan 05 iyun 2026-cı il saat 11:00-a qədər Abşeron rayonu, Bakı,
Sumqayıt, Gəncə və Naxçıvan şəhəri üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil
müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi;
• 06 may 2026-cı il saat 15:00-dan 05 iyun 2026-cı il saat 18:00-a qədər Bakı Avropa liseyi,
Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan
bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat;
• 18 may 2026-cı il saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə
aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir;
• 12 may tarixindən 26 may tarixinədək dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə
aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili;
• 14 may tarixindən 03 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə
aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması
məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan
valideynlərin müraciətlərinə baxılması;
• 11 iyun tarixindən 18 iyun tarixinədək Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası
və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə qəbulla bağlı
müsabiqələrin keçirilməsi;
• 17 iyun 2026-cı il saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə
aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri
tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi;
• 17 iyun 2026-cı il saat 11:00-dan 17 iyul 2026-cı il saat 11:00-a qədər Abşeron rayonu, Bakı,
Sumqayıt, Gəncə və Naxçıvan şəhəri üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil
müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi;
• 17 iyun 2026-cı il saat 11:00-dan 25 iyun 2026-cı il saat 18:00-a qədər Bakı Avropa liseyi,
Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi
üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat;
• 17 iyun 2026-cı il saat 11:00-dan 25 iyun 2026-cı il saat 18:00-a qədər rus bölməsi üzrə
prioritetlər üzrə üstünlüyü olan uşaqlar üçün prioritetlər üzrə məktəb seçimi və eyni zamanda
prioritetlər üzrə üstünlüyü olmayan uşaqlar üçün isə müsabiqəyə qeydiyyatın aparılması
(İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey
kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi,
T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyi);
• 30 iyun tarixindən 7 iyul tarixinədək Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası,
Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi üzrə qəbulla bağlı müsabiqələrin
keçirilməsi;
• 30 iyun tarixindən 7 iyul tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə
aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə
rus bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi;
• 14 iyul tarixindən rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər
üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim
etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin başlaması.
Sual: Hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbul müsabiqə yolu ilə aparılır?
Cavab: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi
məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə
yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.
İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi,
T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov
adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə
üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.
Sual: Tədris digər dillərdə aparılan bölmələr üzrə I siniflərə qəbul hansı qaydada həyata
keçirilir?
Cavab: Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul
uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan
müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir.
Sual: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas
musiqi məktəblərinə qəbul hansı qaydada həyata keçirilir?
Cavab: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi
məktəblərinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi
hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında
həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə
həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və
uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının
rəyi əsasında aparılır.
Sual: Rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil
müəssisələrinə Azərbaycan və rus bölmələri üzrə (Bakı Avropa liseyi, Respublika İncəsənət
gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla) qeydiyyat necə
aparılır?
Cavab: Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, tədris digər dildə aparılan bölmə
seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Övladı
müsahibədən uğur qazanmış valideyn “Prioritet üzrə” bölməsini seçib müvafiq ümumi təhsil
müəssisəsinə sorğu yerləşdirə bilər. Prioritet üzrə üstünlükləri olmayan valideynlər (qanuni
nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin
təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələr
30 iyun tarixindən 07 iyul tarixinədək keçiriləcək.
Sual: Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu hansı qaydada
həyata keçirilir?
Cavab: Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün həmin
bölmə üzrə hazırda təhsil aldığı ümumi təhsil müəssisəsi və müəllim seçilməklə sistem
tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdiriləcək.
Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların valideynləri
(qanuni nümayəndə) isə may ayının 06-dan etibarən şəxsi kabinetinə daxil olmalı, müsahibə
mərkəzini seçərək övladının müsahibəyə yazılmasını təmin etməlidir. Sonra isə müsahibə
nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistem tərəfindən həmin bölmə üzrə birinci sinfə
avtomatik sorğu yerləşdiriləcək.
Sual: Övladı üçün sistem tərəfindən 1-ci sinfə avtomatik sorğu yerləşdirilmiş valideynə
həmin ümumi təhsil müəssisəsini dəyişmək imkanı verilirmi?
Cavab: Valideyn şəxsi kabinetində “Sorğunu sil” düyməsini sıxaraq digər ümumi təhsil
müəssisəsini seçə bilər.
Sual: Tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr hansı
formada keçiriləcək?
Cavab: Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunacaq.
Sual: Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?
Cavab: Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə
komissiyaları tərəfindən aşağıdakı meyarlar əsasında uşaqların yalnız həmin dil üzrə şifahi nitq
bacarıqları yoxlanılır:
1. dinləyib-anlama bacarığı
- sadə tapşırıqları dinləyib yerinə yetirir;
- qısa (3–5 cümlədən ibarət) mətni dinləyir və suallara cavab verir;
- sualı diqqətlə dinləyib uyğun cavab verir;
2. rabitəli danışma bacarığı
- özünü təqdim edir;
- ailəsi və vətəni haqqında danışır;
- şəkil əsasında sadə cümlə qurur;
3. söz ehtiyatı
- əşyaların adlarını düzgün adlandırır;
- heyvan, bitki, meyvə–tərəvəz, peşə adları kimi ümumi anlayışları tanıyır;
- xüsusiyyət bildirən sözlərdən istifadə edir (rəngləri adlandırır, ölçü və keyfiyyət bildirən
sözləri bilir);
- ətraf aləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləri təsvir edir;
4. hərf və səsləri anlama və tələffüz etmə
- səslərdən söz düzəldir;
- hərfi formasına görə tanıyır (böyük və kiçik);
- danışıqda eşitdiyi səsi müvafiq hərflə əlaqələndirir;
- sözləri aydın tələffüz edir.
Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat
valideynə nə zaman və necə bildiriləcək?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın
müsahibədə iştirak etdiyi gündən 3 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan
keçdiyi mobil nömrəyə və şəxsi kabinetə göndəriləcək.
Sual: Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə
müraciət etmək imkanı nəzərdə tutulurmu?
Cavab: Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi
üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər.
Sual: Elektron sistemdə müsahibəyə yazılma mərhələsi hansı tarixdə yekunlaşacaq?
Cavab: Elektron sistemdə tədris digər dillərdə aparılan bölmə üzrə müsahibəyə yazılma
mərhələsi 18 may 2026-cı il tarixdə saat 18:00-da bitir.
Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistem tərəfindən birinci sinfə
avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?
Cavab: Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir.
Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni
qane etmədikdə hara müraciət edə bilər?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane
etmədikdə valideyn (qanuni nümayəndə) 14 may tarixindən 03 iyun tarixinədək
www.mektebeqebul.edu.az saytındakı şəxsi kabinetinin “əlaqə” bölməsi vasitəsilə yerli təhsili
idarəetmə orqanlarına müraciət edə bilər.
Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni
qane etmədikdə və valideyn məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etdikdə uşağın yenidən
müsahibədə iştirakı təmin ediləcəkmi?
Cavab: Müsahibənin nəticələrindən narazı olan valideynlərin övladları üçün yenidən müsahibə
təşkil olunmayacaq. Apellyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış
videoçəkilişə baxılaraq müvafiq qərar qəbul ediləcək.
Sual: Lisey və ya gimnaziyaların tədris rus dilində aparılan siniflərinə müəyyən edilmiş
prioritetləri olmayan valideynlərin övladının qəbulu hansı qaydada aparılır?
Cavab: Şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibədən uğur qazandıqları təqdirdə lisey
və gimnaziyalara müsabiqəyə yazılırlar.
Sual: Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının
qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun
olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi?
Cavab: Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının
qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyalarda boş qalan yerlərə
yalnız Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilər.
Sual: Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu
mümkündürmü?
Cavab: Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə,
qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə uyğun deyilsə,
uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil almırsa və ya
valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada işləmirsə, lisey və
gimnaziya üçün müəyyən olunmuş müddətdə tətbiq edilən prioritet götürüldükdən sonra boş
qalan yerlərə sərbəst qaydada sorğu yerləşdirə bilər. Tədris digər dildə aparılan bölmə seçildiyi
halda isə müsabiqəyə yazıla bilər.
Sual: Müsabiqənin nəticələrinə əsasən, Bakı Avropa liseyi, Respublika İncəsənət
gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul edilməyən uşaqların
valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə
bilərmi?
Cavab: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi
məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni
zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib
sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində
olan sorğusu avtomatik olaraq silinəcəkdir.
Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi ümumi təhsil müəssisələrində
uşaqların qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?
Cavab: Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində yerləşən bir sıra ümumi
təhsil müəssisələrində birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə
aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:
• valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsinin
müəyyən edilmiş ərazisində yaşayan;
• valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən;
• bacısı və ya qardaşı həmin ümumi təhsil müəssisəsində təhsil alan.
Sual: Bakı və Sumqayıt şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəyyən edilmiş
mikroərazisi haqqında necə məlumat əldə etmək olar?
Cavab: Valideyn (qanuni nümayəndə) Bakı şəhəri üzrə https://baku.edu.gov.az/az/page/333,
Sumqayıt şəhəri üzrə isə https://sumgayit.edu.gov.az/az/page/15634/77317 linkinə daxil olaraq
həmin məktəblərin mikroəraziləri haqqında məlumat əldə edə bilər.
Sual: Prioriteti olmayan uşaqlar üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisəsinə
necə qəbul ola bilər?
Cavab: Valideynlər prioriteti olmayan övladları üçün üstünlük hüququ tətbiq edilən ümumi təhsil
müəssisələrinin boş qalan yerlərinə Azərbaycan bölməsi üzrə 05 iyun saat 11:00-dan, tədris digər
dillərdə aparılan bölmələr üzrə isə 17 iyul saat 11:00-dan etibarən sərbəst qaydada sorğu
yerləşdirə bilərlər.
Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa ümumi təhsil müəssisəsi
seçimi edə bilər və ya edə bilməz?
Cavab: Valideyn şəxsi kabinetində müvafiq ümumi təhsil müəssisəsinə elektron sorğu
yerləşdirib, tələb olunan sənədləri təqdim edib, ümumi təhsil müəssisəsi tərəfindən sistemdə
təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız ümumi təhsil müəssisəsi tərəfindən
sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya
kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa ümumi təhsil
müəssisəsi seçimi etmək olar.
Sual: I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri ümumi
təhsil müəssisəsinə təqdim etməlidir:
• Azərbaycan Respublikasının vətəndaşları üçün — valideynin şəxsiyyətini təsdiq edən sənədin
və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında
şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün — Azərbaycan
Respublikasının 16 yaşınadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum
haqqında şəhadətnaməsi;
• xarici ölkə vətəndaşları üçün — valideynin xarici pasportu, Azərbaycan Respublikasının
ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum
haqqında şəhadətnaməsinin əsli və surəti;
• digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün — BMT-nin Qaçqınların
İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
• uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
• valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az elektron sistemində yaradılmış
“Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sual: Yaşı 9 və yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
Cavab: Bəli. Yaşı 9 və yuxarı olan uşaqlar “Fərdi təhsilin təşkili haqqında Qaydalar”a uyğun
olaraq fərdi təhsilə cəlb olunurlar.
Sual: Yaşı 9 və yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət
edilməlidir?
Cavab: Valideynlər www.mektebeqebul.edu.az portalında qeydiyyatdan keçdikdən sonra
01.07.2026-cı il tarixindən etibarən tələb olunan sənədlərlə yerli təhsili idarəetmə orqanlarına
müraciət etməlidirlər.
Sual: Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Cavab: Psixoloji-tibbi-pedaqoji komissiya təqdim olunan sənədləri qəbul edir, müvafiq
müddətlərdə müayinə aparır və uşağın təhsilinin təşkilinə dair qərar qəbul edir.
Sual: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəb seçimi necə aparılır?
Cavab: Məktəb seçimi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında həyata keçirilir.
Sual: Uşağın məktəbə yerləşdirilməsi prosesi nə zaman başa çatmış hesab olunur?
Cavab: Valideyn sənədləri təqdim etdikdən və məktəb tərəfindən təsdiq verildikdən sonra
yerləşdirmə prosesi başa çatmış hesab olunur.
Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
Cavab: Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.



