İctimai Şuranın üzvləri SDU-da imtahanların gedişini izləyiblər

23 Yanvar, 2026 - 12:33
İctimai Şuranın üzvləri SDU-da imtahanların gedişini izləyiblər

Yanvarın 22-də 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasını müşahidə etmək məqsədilə Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, sədr müavini Pərvanə Məmmədova, katib Günay Əkbərova, üzvləri Mirzə Cəfərzadə, Sevinc Məhəməliyeva Sumqayıt Dövlət Universitetində (SDU) olublar.

"Azərbaycan müəllimi" xəbər verir ki, onlar universitetin aidiyyəti struktur bölmələrinin rəhbərləri ilə birgə imtahan keçirilən auditoriyalarda olaraq prosesin gedişini izləyiblər. Tələbələrlə söhbət aparıb, imtahanların təşkili ilə bağlı fikirlərini dinləyib, eyni zamanda təqdim olunan imtahan sualları ilə tanış olublar. Müşahidələr zamanı imtahan sessiyasının normativ tələblərə uyğun təşkil edildiyi, biliyin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin olunduğu vurğulanıb.

Sonra Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov İctimai Şuranın üzvləri ilə görüş zamanı imtahan sessiyasının müvafiq təlimat və əsasnamələrə uyğun keçirildiyini, bunun üçün hər cür şərait yaradıldığını bildirib. O, həmçinin tələbələrin biliyinin qiymətləndirilməsinə nəzarətin təmin olunması, müraciətlərin operativ qəbulu və araşdırılması məqsədilə Apellyasiya Komissiyasının və İmtahan Qərargahının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Əminağa Sadıqov universitetdə müasir təhsil mühiti, tədrisin məzmununun müasirləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatlar barədə məlumat verib. Qeyd edib ki, 2025-ci ildə Sumqayıt Dövlət Universitetinə bakalavr pilləsi üzrə qəbul olunanların sayı əvvəlki illə müqayisədə 29 faiz, magistratura pilləsi üzrə qəbul göstəricisi isə 21,5 faiz artıb. Bununla yanaşı, Sumqayıt Dövlət Universiteti 2025-ci ilin nəticələrinə əsasən ilk dəfə olaraq “QS Dünya Universitetləri Reytinqi”nə daxil edilərək dünyanın 106 ölkəsindən olan 8467 universitet arasında 1001–1200 mövqeyində qərarlaşıb. Azərbaycanın 51 universitetindən yalnız 9 ali təhsil müəssisəsinin daxil olduğu bu nüfuzlu reytinq siyahısında SDU 7-ci yeri tutaraq region universitetləri arasında yeganə ali təhsil müəssisəsi kimi fərqlənib.

Həmçinin SDU 2025-ci ildə ilk dəfə olaraq “Times Higher Education Impact Rankings” reytinqinə daxil edilərək 1501+ mövqeyində qərarlaşmışdır. Əldə olunan bu nailiyyətlərin məntiqi davamı olaraq bp şirkəti tərəfindən maliyyələşdirilən “Sumqayıt Dövlət Universitetində “Kimya mühəndisliyi” ixtisası üzrə magistratura pilləsində yeni tədris proqramının yaradılması” layihəsi uğurla icra edilmiş, müasir tələblərə cavab verən yenilənmiş tədris proqramı hazırlanmış və yüksək texnoloji laboratoriyalar yaradılıb.

Eyni zamanda, SOCAR-ın maliyyə dəstəyi ilə SDU-da “Mexatronika və robototexnika mühəndisliyi” laboratoriyasının yaradılması barədə razılıq əldə olunub. Həyata keçirilən bütün bu tədbirlər universitetin strateji məqsədinə − əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Universitetdə tələbələrin bilik və bacarıqlarını inkişaf etdirmələri üçün hərtərəfli infrastruktur və əlverişli tədris mühitinin formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədris proqramlarının əmək bazarına uyğunlaşdırılması, innovativ və rəqəmsal texnologiyaların tətbiqi, müəllimlərin peşəkar inkişafı, tələbəyönümlü yanaşma, elmi-praktiki bacarıqların inteqrasiyası, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı, inklüziv təhsil və digər aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb, İctimai Şuranın üzvlərinin təklifləri dinlənilib.

İctimai Şuranın üzvləri SDU-da imtahanların gedişini izləyiblər
İctimai Şuranın üzvləri SDU-da imtahanların gedişini izləyiblər
İctimai Şuranın üzvləri SDU-da imtahanların gedişini izləyiblər
İctimai Şuranın üzvləri SDU-da imtahanların gedişini izləyiblər
İctimai Şuranın üzvləri SDU-da imtahanların gedişini izləyiblər
İctimai Şuranın üzvləri SDU-da imtahanların gedişini izləyiblər
İctimai Şuranın üzvləri SDU-da imtahanların gedişini izləyiblər
İctimai Şuranın üzvləri SDU-da imtahanların gedişini izləyiblər