DİM rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib
27 yanvar 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə təhsil sahəsində aparılan islahatlar, ümumtəhsil müəssisələrində qüvvədə olan təhsil proqramları, tədris prosesində müəllimlərin rolu, imtahanlarda istifadə olunan qiymətləndirmə alətləri, Mərkəzin hazırladığı və yeniyetmələrin gələcəkdə ixtisas seçiminin müəyyən edilməsində mühüm rol oynayan “Peşə seçimi” testləri, abituriyentlərin imtahana psixoloji hazırlığı, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan şəxslərin imtahanda iştirakı, subbakalavrların və xaricdə təhsil alanların ali təhsil müəssisələrinə qəbulu və s. məsələlər haqqında fikir mübadiləsi aparılıb.
M.Abbaszadə qəbul kampaniyası üzrə ictimaiyyətin maarifləndirilməsində şura üzvlərinin xüsusi rol oynaya biləcəyini və onların da aktiv fəaliyyətinə ehtiyac olduğunu vurğulayıb.
İctimai Şuranın sədri Hikmət Əlizadə Mərkəzin fəaliyyətini yaxından izlədiklərini qeyd edib və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Gələcəkdə ictimai fikir və digər məsələlərlə bağlı təkliflərin qarşlıqlı müzakirəsi davam etdiriləcək.



