Sumqayıtda müəllimlərlə maarifləndirici görüş keçirilib
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə Sumqayıt Heydər Əliyev Mərkəzində şəhərin müəllimləri ilə maarifləndirici görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Ceyhun Məmmədov, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev iştirak ediblər.
Tədbir zamanı çıxış edən Mehriban Vəliyeva Ulu Öndər Heydər Əliyevin təhsilə, müəllimə olan qayğısı, Azərbaycan təhsilinin inkişafı istiqamətində xidmətləri barədə söz açıb. Millət vəkili müəllimin cəmiyyətdəki missiyası və daşıdığı mənəvi məsuliyyət haqqında danışıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov "Müəllimin peşə bacarıqları" mövzusunda təqdimatla çıxış edərək müasir dövrdə müəllimin hansı keyfiyyətlərə sahib olması məsələsinə toxunub. Azərbaycan müəlliminin hər zaman fədakar olmasına diqqət çəkən millət vəkili təhsilverənin funksiyasının tək öyrətmək deyil, həm də araşdırmaq, düşünmək, dəyərlər formalaşdırmaqdan ibarət olduğunu diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə müasir təhsildə sinfi idarəetmənin psixopedaqoji aspektləri haqqında müəllimlərə məruzə edib. Professor müəllimlərin qarşısında duran vəzifənin tək savadlı deyil, həm də ağıllı insan yetişdirmək olduğunu qeyd edib. Şagirdlərin qayğıya, sevgiyə, ünsiyyətə ehtiyac duyduğunu söyləyən şura sədri "Məhəbbət məktəbin divarları arasında olmalıdır" fikrini səsləndirib.
İctimai Şuranın katibi Günay Əkbərova tədris prosesində inklüziv mühitin qurulmasının əhəmiyyəti və praktik yolları barədə geniş məlumat verib.
Görüş İman Ağayevin Sumqayıt müəllimlərinə həsr olunmuş motivasiyaedici çıxışı ilə yekunlaşıb. Sonda müəllimlərin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.


