İdeyadan gerçəyə: Naxçıvanda tələbələr öz layihələrini yaradırlar – REPORTAJ
Azərbaycanda peşə təhsili son illərdə əmək bazarının tələblərinə uyğun olaraq yenilənir və inkişaf edir. Bu islahatlardan Naxçıvan Muxtar Respublikası da öz payını alıb ki, burada peşə təhsili modernləşdirilib, yeni peşə mərkəzləri yaradılıb və tədris infrastrukturu gücləndirilib.
“Azərbaycan müəllimi” yolunu belə mərkəzlərdən biri – Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə salıb.
Məlumat üçün bildirək ki, 2024-cü ilin 7 may tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin fərmanı ilə peşə təhsili müəssisələrinin idarəetməsini təkmilləşdirmək məqsədilə Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi ilə Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.
Mərkəzə ilk qəbul 2024–2025-ci tədris ilində həyata keçirilib. Həmin ildə 13 ixtisas qrupu üzrə qəbul aparılıb və 254 nəfər qəbul olunub, 4 ixtisas qrupundan 54 məzun buraxılıb, onlardan 3-ü isə buranı fərqlənmə diplomu ilə bitirib. 2025–2026-cı tədris ilində isə mərkəzə 16 ixtisas qrupu üzrə 311 tələbə qəbul olunub. Hazırda mərkəzdə 25 ixtisas qrupundan 427 tələbə təhsil alır. 25 ixtisas qrupundan 8-i yüksək texniki peşə təhsili, 15-i texniki peşə, 2-si isə ilk peşə təhsili səviyyəsi üzrə təhsil alır.
Mərkəzlə bizi Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Cəmilə Hüseynova tanış edir. Deyir ki, burada nəzəri dərslərlə yanaşı, təcrübə dərsləri də mütəmadi olaraq həyata keçirilir: “Bu da gələcəyimiz olan gənclərin öyrəndikləri ixtisasları tətbiq etməsi üçün daha əlverişlidir. Son illərdə peşə təhsilinə maraq daha da artıb. Çünki həmin gənclər peşəkar kadr kimi əmək bazarının tələblərinə uyğun olaraq öyrədilir və hazırlanır.
Bilirsiniz ki, ölkə Prezidentinin 2025-ci il dekabrın 5-də imzaladığı sərəncamla 2026–2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmir işləri aparılacaq. Ümid edirik ki, bu layihədən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə də pay düşər. Mərkəzdə tələbələrin istehsalatda işləməsi daha önəmlidir, bunun üçün də emalatxanalarımız nə qədər zəngin olarsa, tələbələrimiz o işləri daha uğurlu həyata keçirə bilərlər”.
Cəmilə xanımın sözlərinə görə, peşə təhsilinin inkişafı, aktuallığı və dövlətin bu sahəyə investisiyası göstərir ki, peşə təhsili indi sadəcə alternativ deyil, sabit gəlir, karyera və tələbələrin gələcək planları üçün real və perspektivli yol hesab edilir: “Həmin tələbələr özləri peşələrinə uyğun sex də aça bilərlər. Sevindirici haldır ki, dövlət ödənişsiz qəbul olan tələbələrə 70-110 manat təqaüd verir. Bu da onlara müəyyən mənada stimul verir, həvəsləndirir. Tələbələrimizin çoxu isə dərsdən sonra öz sahələrinə uyğun işləyir”.
Mərkəzin pedaqoji heyəti buraya imtahandan keçməklə işə qəbul olunur. 2024–2025-ci tədris ili üçün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşdirilmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi keçirilib.
Direktor müavini deyir ki, burada hər yaş kateqoriyasından pedaqoji heyət var: “Bu da bizim təcrübə mübadiləsinə çox kömək edir. Müəllimlər üçün isə mütəmadi təlimlər keçirilir”.
Mərkəz Naxçıvanın və Azərbaycanın peşə təhsil müəssisələri ilə əlaqə qurur, təcrübələrini bölüşür. Çünki yeni yaranan müəssisənin formalaşana qədər fikir mübadiləsi etməyə, yeni şeylər öyrənməyə ehtiyacı var.
Biz dərslərə mane olmadan auditoriyaları gəzirik. Mərkəzdə elektronika və kommunikasiya sistemləri üzrə dərs deyən müəllim Günay İsmayılova deyir ki, əsas məqsəd dərsdə elektrik və elektronikanın həm nəzəri, həm də tətbiqi tərəflərini gənc mütəxəssislərə öyrətmək, bu sahədə bacarıqlı kadrlar yetişdirməkdir:
“Dərslərimdə prinsipim çox sadədir: Elektronikanı öyrənmək üçün onu hiss etmək lazımdır. Yəni hər bir tələbəyə real sxemlərdə işləmək, komponentlərlə davranmaq və problemi özünün analiz etməsi üçün imkanı yaradıram.
Elektronika bu gün bütün sənaye sahələrinin “sinir sistemi”dir. İstər enerji sektorunda avtomatlaşdırma, istər nəqliyyatda təhlükəsizlik sistemləri, istərsə də rəqəmsal rabitə – hər yerdə elektron idarəetmə mövcuddur. Gələcəkdə isə süni intellektli sistemlər, ağıllı şəhər infrastrukturunun qurulmasında elektronika mütəxəssislərinə daha çox ehtiyac yaranacaq”.
Bu dərs tələbələrə həm nəzəri, həm də praktiki şəkildə tədris olunur. Müəllim deyir ki, o, daha çox praktika yönümlü tədrisə üstünlük verir: “Çünki elektronikanı yalnız dinləməklə yox, işləməklə öyrənmək olur. Tələbələrimiz real komponentlər, cihazlar və ölçü alətləri ilə işləyirlər. Sxemin necə qurulduğunu, hansı elementin hansı funksiyanı yerinə yetirdiyini özləri tətbiq edərək öyrənirlər. Dərslərdə Tinkercad, EasyEDA və Multisim proqramlarından aktiv istifadə edirik. Bu proqramlar vasitəsilə tələbələr yazdıqları sxemin virtual görüntüsünü görür, iş prinsipini simulyasiya edir və testi əvvəlcə kompüterdə aparırlar. Bu, onlara həm təhlükəsiz, həm də anlaşıqlı öyrənmə imkanı yaradır”.
Burada təhsil alan tələbələrlə də həmsöhbət oluruq. Hər biri buranı sevərək seçib.
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin “Moda dizaynı” ixtisasının birinci kurs tələbəsi Aslı Əlizadə deyir ki, ixtisası seçməyinin səbəbi onun yaradıcı yönümlü sahə olmasıdır: “Bu ixtisas həm sənət, həm də texniki biliklərin bir araya gəldiyi geniş və maraqlı bir sahədir. Kolleksiya hazırlamaq, moda tarixi və stili formalaşdırmaq üçün yaradıcı bacarıqlar inkişaf etdirilir. Moda dizayn insanın öz yaradıcılığını geyim sahəsi ilə birləşdirərək yeni trendlər yaradan çoxşaxəli bir ixtisasdır. Bu ixtisası seçən hər bir kəs yaxşı dizayner, stilist və ya moda üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilər”.
Marağı olduğu üçün onu bu sahəyə tanışları yönləndirib. “Moda dizaynı” yüksək texniki peşə olduğu üçün buranı bitirib universitetə gedə bilər, buna dair planı da var.
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin “Baytarlıq və heyvandarlıq işi” ixtisasının birinci kurs tələbəsi Raziyə Türbətli isə bu sahəyə uşaqlıqdan marağı olduğunu deyir: “Dərslərimiz maraqlı keçir, bura gələndən sonra bu sahəyə marağım daha da artdı. Burada təhsilimi bitirib ali məktəbdə davam etdirəcəyəm. Ondan sonra peşəkar baytar kimi heyvanların sağlamlığını qorumaq, kənd təsərrüfatına öz töhfəmi vermək istəyirəm”.
Mərkəzin “Kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istismarı” ixtisası üzrə birinci kurs tələbəsi Cəsur Hüseynov da çox yaradıcı tələbədir.
O, istixana hazırlayıb və bununla festivala qatılacaqlar. Dərslərdə kənd təsərrüfatına aid maşınların quruluşunu, idarə olunmasını və təhlükəsiz istismar qaydalarını öyrənirlər: “Bu biliklər gələcəkdə məsuliyyətli və peşəkar mütəxəssis olmağımıza imkan yaradır. İnanıram ki, bu sahədə çalışmaq mənim gələcəyimin təminatıdır. Özüm Kəngərli rayonunun Qabıllı kəndində yaşadığım üçün həmişə kənd təsərrüfatı ilə məşğul olmuşam”.
Gələcəkdə də buranı bitirib ali məktəbdə mütəxəssis kimi yetişmək, öz kəndində yaşayaraq ixtiraları ilə kəndlinin işini asanlaşdırmağı planlaşdırır.
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin “Dayə” ixtisası üzrə birinci kurs tələbəsi Cəmilə Allahverdiyeva diqqətimi çəkir. O qədər pozitiv və səmimidir ki, “yaxşı ki, bu sahəni seçib”,- deyə düşünürsən.
Deyir ki, uşaqları sevdiyi üçün bu ixtisası seçib: “Uşaqlarla ünsiyyət qurmaq, onları anlamaq, qayğı göstərmək həm məsuliyyət, həm də sevgi tələb edir. Uşaqların inkişafı, sağlamlığı və təhlükəsizliyi üçün bilik sahibi olmaq hər bir dayənin əsas vəzifəsidir. Bu biliklər isə bizə müəllimlərimiz tərəfindən öyrədilir. Mən də peşəmi dərindən öyrənərək gələcəkdə dayə kimi fəaliyyət göstərmək istəyirəm”.
O həm də könüllü layihəsi ilə ASAN Xidmətdə çalışır, yarışlara qatılır, fəxri fərmanlar alır.
Bizim fotolarımızı çəkən Ülvi İsmayılov da hərtərəfli tələbədir. O, “Binaların tikintisi və istismarı” ixtisasının 2-ci kurs tələbəsidir.
Deyir ki, peşəsini sevərək seçib: “Bu ixtisas bizə tikinti proseslərini dərindən öyrənmək, təhlükəsiz və dayanıqlı binalar inşa etmək üçün lazım olan bilik və bacarıqları qazandırır. Praktiki dərslər və real layihələrdə iştirak peşəkar inkişafımız üçün böyük əhəmiyyət daşıyır və gələcəkdə peşəkar mühəndis kimi çalışmaq məqsədimizə xidmət edir”.
Tələbələr aprel, may aylarında müxtəlif müəssisələrdə istehsalat təlimləri keçir və peşənin sirlərini daha dərindən öyrənirlər.
Gənclərlə söhbətimizdən məlum olur ki, hər biri gələcəkdə öz sahəsi üzrə yaxşı mütəxəssis olacaq.
Elə mərkəzin də əsas məqsədi peşə təhsilini modernləşdirmək, əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadrlar hazırlamaq və peşə təhsilinin səmərəliliyini artırmaqdır.


