"Bir anlıq şok yaşadım" - İlandağ yazısını tapan müəllim DANIŞDI

9 İyun, 2026 - 13:34
"Bir anlıq şok yaşadım" - İlandağ yazısını tapan müəllim DANIŞDI

Naxçıvanın qədim tarixini araşdıran alimlər və həvəskar tədqiqatçılar üçün uzun illər sirr olaraq qalan İlandağ yazısının tapılması son dövrlərdə böyük maraq doğurub. 30 ilə yaxın davam edən axtarışların nəticəsi kimi üzə çıxan bu tapıntı həm elmi dairələrdə, həm də ictimai müzakirələrdə geniş rezonans yaradıb.

“Azərbaycan müəllimi” tapıntının aşkarlanmasında iştirak edən və onu ilk olaraq tapan tarix müəllimi Hüseyn Cəfərovla həmsöhbət olub. Müəllim həmin gün və ümumilikdə uzun illər davam edən axtarış prosesindən danışıb. 

Onun sözlərinə görə, İlandağdakı yazı barədə ilk məlumatlar hələ 2000-ci illərin əvvəllərində xaricdə nəşr olunan elmi jurnallarda yer alıb. Həmin məlumatlarda Naxçıvan ərazisində, konkret olaraq İlandağ istiqamətində qədim bir yazının mövcud ola biləcəyi qeyd olunub. 

Qeyd edək ki, mənbələrə görə, bu yazı 1988-ci ildə geoloq V.A.İqumnov tərəfindən qeydə alınıb, 1996-cı ildə S. Hmayakyan, V.A.İqumnov və H. H.Karagyozyan tərəfindən İtaliyada "Studi-Micenei ed Egeo-Anatoloci" jurnalında nəşr edilib. Lakin koordinatları düzgün göstərilmədiyindən yeri məlum olmayıb. 
Hüseyn müəllim deyir ki, bu məlumatdan sonra həm yerli alimlər, həm də müxtəlif qurumlar tərəfindən axtarışlar başlanıb. Ərazinin coğrafi baxımdan geniş və mürəkkəb olması, yazının isə olduqca kiçik ölçüdə olması işləri xeyli çətinləşdirib: “Hətta bu dövrdə axtarışlara 100-ə yaxın insan, o cümlədən xüsusi qruplar və hərbi qüvvələr də cəlb olunub. Bütün imkanlar səfərbər olunub, dağın hər tərəfi axtarılıb. Amma bütün səylərə baxmayaraq, konkret nəticə əldə edilməyib və məsələ illərlə açıq qalıb”.

Bununla belə, mövzu zaman-zaman yenidən gündəmə gəlib və araşdırmalar tamamilə dayanmayıb. Hüseyn müəllim deyir ki, həm arxeoloqlar, həm yerli tədqiqatçılar, həm də bu sahəyə marağı olan insanlar fərdi şəkildə axtarışları davam etdiriblər. O, özü də uzun illər Naxçıvan dağlarını qarış-qarış gəzərək mümkün izləri araşdırdığını bildirir.

Axtarışın yenidən canlanmasında isə sosial şəbəkələr də mühüm rol oynayıb. Məhz belə bir vaxtda ona bir tanışından mesaj gəlib və İlandağda yazı ilə bağlı konkret istiqamət barədə məlumat verilib. Daha sonra həmin ərazini görmüş olduğunu iddia edən şəxslərlə əlaqə qurulub və ilkin koordinatlar dəqiqləşdirilib: 
“Bir neçə nəfər mənə yazdı ki, yazını görmüşük, amma tam əmin deyilik. Hətta həmin yazının şəkilləri də mənə göndərildi. Baxdım ki, İtaliyada nəşr olunan jurnaldakı təsvirlə oxşarlıq var. Sonra yer barədə də müəyyən məlumatlar verildi: yazının İlandağın Naxçıvana baxan tərəfində olduğu, müəyyən su xəttinin yaxınlığında ərazinin Ordubad istiqamətində sağ tərəfdə yerləşdiyi bildirildi. Bu məlumatlar bizə yenidən ümid verdi və axtarışı konkret istiqamətə yönəltdi”.

Məlumatlar toplanandan sonra kiçik bir qrup yaradılaraq İlandağ istiqamətinə ekspedisiya təşkil edilib. Bu ekspedisiyada AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, ekspedisiya rəhbəri dosent Bəhlul İbrahimli və bir qrup tədqiqatçı da iştirak edib.  

Hüseyn müəllim qeyd edir ki, dağın relyefi çox mürəkkəb olduğuna görə axtarış hissələrə bölünərək aparılıb. Qrup üzvləri müxtəlif istiqamətlərə ayrılaraq qayalıqları, çatları və düz səthləri diqqətlə yoxlayıblar.
Axtarış zamanı Hüseyn müəllim xüsusilə qayaların səth quruluşuna diqqət yetirdiyini bildirir. Deyir ki, hətta bir neçə yerdə ilkin olaraq yaranmış izləri yazıya bənzətsə də, sonra təbii eroziya nəticəsində yarandığı məlum olub.  Lakin daha sonra müəyyən bir qayaya yaxınlaşarkən fərqli bir görüntü diqqətini çəkib:
“Uzaqdan baxanda sadə bir qaya kimi görünürdü. Amma yaxınlaşdıqca səthdə nöqtə-nöqtə izlər diqqətimi çəkdi. Bu, artıq təsadüfi formaya bənzəmirdi, simmetriya hiss olunurdu. 3–5 metr yaxınlaşanda artıq əmin oldum ki, bu, axtardığımız yazıdır. Bir anlıq şok yaşadım”.

İlk müşahidədən sonra əraziyə digər iştirakçılar da çağırılıb və ilkin baxış aparılıb. Tapıntının olduğu yer yerindəcə sənədləşdirilib, foto və video çəkilişlər həyata keçirilib. Hüseyn müəllimin sözlərinə görə, həmin an hamıda həm həyəcan, həm də sevinc hissi olub.

O vurğulayır ki, belə tapıntılar təkcə bir şəxsin deyil, bütövlükdə cəmiyyətin elmi və mədəni irsi üçün önəmlidir: “Biz bunu gizli saxlamaq üçün tapmamışıq. Tarix hamımızındır. Bu cür abidələr gələcək nəsillərə ötürülməli və daha geniş şəkildə araşdırılmalıdır”.

Mütəxəssislərin ilkin fikrinə görə, yazının çox qədim dövrə aid olması ehtimal edilir. Hətta bəzi qiymətləndirmələr onun İsa Peyğəmbər dövründən də qədim ola biləcəyini göstərir. Lakin bu fikirlər hələlik ilkin müşahidələrə əsaslanır və dəqiq elmi nəticələr üçün əlavə araşdırmalara ehtiyac var.

Hüseyn müəllim hesab edir ki, İlandağ ərazisi hələ tam öyrənilməyib və burada başqa tarixi izlərin də olması mümkündür. O, yaxın gələcəkdə daha geniş ekspedisiyaların aparılmasını vacib sayır.
“Əgər bir yazı tapılıbsa, deməli bu ərazi tarix baxımından daha zəngindir və bu ərazidə başqa izlərin də olması mümkündür. Ona görə də mən də bir tarix müəllimi və tədqiqatçı olaraq belə yazıları axtarmağa davam edəcəyəm”. 

Qeyd edək ki, hazırda tapıntı ilə bağlı elmi araşdırmaların genişləndirilməsi və nəticələrin rəsmi şəkildə təsdiqlənməsi istiqamətində işlər davam edir. 

Xatırladaq ki, bir neçə gün əvvəl təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb. İlkin məlumata görə, yazıda Urartu hökmdarları İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumatlar əks olunub.