“Təhsil almağın yaşı yoxdur” - 57 yaşlı əcnəbi məzun

10 Sentyabr, 2026 - 11:33
“Təhsil almağın yaşı yoxdur”

57 yaş... Bir çox insan üçün bu yaşda həyatın sakit mərhələsi, təqaüd illəri, istirahət və gündəlik qayğıların azalması deməkdir. Bayram Veyil üçün isə 57 yaş yeni başlanğıc olub.

"Azərbaycan müəllimi" məzunun hekayəsini təqdim edir.

Türkiyədə uzun illər dövlət qulluğunda çalışan, müxtəlif şəhərlərdə xidmət edən Bayram Veyil əmək fəaliyyətini başa vurduqdan sonra təqaüdə çıxıb. Lakin onun üçün təqaüd həyatın son mərhələsi deyil, yeni bir yolun başlanğıcı olub. O, yenidən ali təhsil almaq üçün Naxçıvan Dövlət Universitetini seçib və burada "Hüquqşünaqlıq" ixtisası üzrə məzun olub. 

Bir neçə universitetdə müxtəlif ixtisaslar üzrə təhsil almış Bayram Veyil üçün öyrənmək həyat tərzinə çevrilib. İqtisadiyyat, iş sağlamlığı və təhlükəsizliyi, jurnalistika, ədalət və hüquq sahələrində təhsil almış 57 yaşlı məzun hesab edir ki, insanın qarşısında məqsəd olduğu müddətdə yaşın heç bir əhəmiyyəti yoxdur:

“Təhsil almaq üçün yaş yoxdur. Əslində, bunu göstərmək, buna bir nümunə olmaq üçün də oxuyuruq. Mən gedib bir yerdə istirahət edə, tətilimi keçirə və vaxtımı başqa cür də dəyərləndirə bilərdim. Lakin məqsədsiz yaşamaq olmaz. Təqaüdə çıxdınız, maaşınızı aldınız və artıq qarşınızda bir hədəf yoxdursa, insan tez çökür, qocalır. Mütləq bir işlə məşğul olmaq, bir hədəfinizin olması lazımdır”. 

Onun Naxçıvanı seçməsinin əsas səbəblərindən biri isə dil və mədəni yaxınlıq olub. Azərbaycan dilini rahat başa düşməsi, Türkiyə ilə Azərbaycan arasındakı ortaq mədəni dəyərlər və Naxçıvan Dövlət Universitetində əyani təhsil almaq imkanı Bayram seçimində mühüm rol oynayıb.

57 yaşlı tələbə Naxçıvanda yalnız auditoriyalarda deyil, şəhərin özündə də yeni təəssüratlar qazanıb. Şəhərin təmizliyi, memarlığı, geniş küçələri, insanların istiqanlılığı və qarşılıqlı hörməti onun diqqətini çəkib:

“Naxçıvanın memarlığı çox gözəldir. Binaların hamısı səliqəli, küçələr çox genişdir. Şəhərin mərkəzində bir dənə siqaret kötüyü, bir dənə kağız, bir dənə zibil görmədim. Hər yer tərtəmizdir”. 
Onun universitet həyatında isə yaş fərqi maneəyə çevrilməyib. Əvvəlcə gənclərlə eyni auditoriyada olmaq müəyyən qədər fərqli hiss yaratsa da, zaman keçdikcə tələbələr arasında səmimi münasibətlər formalaşıb:“Gənc tələbələrlə eyni audiditoriyada olmaq bir qədər sıxıntılı keçir, amma zaman keçdikcə hər kəs bir-birini eyni yaşda görüb, səmimi davranır. Bütün tələbələr çox hörmətlidirlər. Başa düşməyəndə hər zaman cavab verirlər. Onlarla oxumaq insanı daha gənc saxlayır”.

Bayram Veyil üçün NDU-da təhsil sadəcə diplom əldə etməkdən ibarət olmayıb. O, dərslərdə öz təcrübələrini tələbələrlə bölüşüb, öyrəndiklərini əvvəlki bilikləri ilə müqayisə edib, hüququn əsasını isə əzbərçilikdə deyil, məntiqdə görüb:“Hüquqda əzbər olmaz, əzbər unudulmağa məhkumdur, hüquq demək məntiqi öyrənmək deməkdir”.

İndi isə onun qarşısında yeni hədəflər var. Bayram Veyil cinayət və insan hüquqları üzrə magistratura təhsili almağı, daha sonra isə dərs deməyi və vəkillik fəaliyyəti ilə məşğul olmağı planlaşdırır.
Onun hekayəsi bir daha göstərir ki, təhsil yalnız gənclik dövrünə aid deyil. İnsan öyrənmək istəyirsə, universitet auditoriyasına 18 yaşında da, 57 yaşında da daxil ola bilər.

“Təhsil almaq heç bir şəkildə gec deyildir, hər zaman bir məqsədiniz olmalı, bir şeylər öyrənməlisiniz. Yerinizdə durub, özünüzü yeniləməsəniz, irəli gedə bilməzsiniz. Yeniliklərə, tənqidlərə açıq olmalısınız"-, deyir 57 yaşlı məzun.

Göründüyü kimi, insanın yaşı deyil, qarşısına qoyduğu məqsəd onun yolunu müəyyənləşdirir.