“Maarifçi”lərin Naxçıvan təcrübəsi: Bu proqram bizə real iş mühitinə uyğunlaşmağı öyrətdi

16 Sentyabr, 2026 - 16:31
“Maarifçi”lərin Naxçıvan təcrübəsi: Bu proqram bizə real iş mühitinə uyğunlaşmağı öyrətdi

“Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramdan 102 gənc məzun olub. Hazırda 53 nəfər IV “Maarifçi” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeliyindəki qurumlarda, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçir.

“Azərbaycan müəllimi” Muxtar Respublikada təcrübə keçən 2 gənc “Maarifçi” ilə həmsöhbət olub.

“Bu təcrübə gələcək karyera planlarıma əhəmiyyətli təsir göstərib”

Onlardan biri Nurtac Rəhimova 2005-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbi bitirərək, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Kimya müəllimliyi” ixtisası üzrə təhsil alıb.


O, hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsində təcrübəçi kimi fəaliyyət göstərir. Burada ümumtəhsil müəssisələri ilə bağlı məlumatların toplanması və təhlili, hesabatların hazırlanması, təqdimat və statistik materialların işlənməsi, müxtəlif layihələrin təşkili prosesində iştirak edir.

Nurtac Rəhimova deyir ki, hələ tələbəlik illərində elmi fəaliyyətə xüsusi maraq göstərib: “Üçüncü kursdan etibarən elmi məqalələrin hazırlanması ilə məşğul olaraq, beynəlxalq və yerli elmi konfranslarda iştirak etmişəm. Müxtəlif elmi müsabiqələrdə uğurlar qazanıb, beynəlxalq yarışlarda mükafatlara və qızıl medala layiq görülmüşəm. Bu nailiyyətlər mənim tədqiqat aparmaq, analitik düşünmək və öz üzərimdə davamlı işləmək bacarıqlarımı formalaşdırıb”.

“Maarifçi” tələbə-məzun proqramına müraciət etməyiminin səbəbi isə, təhsil sahəsində idarəetmə proseslərini yaxından öyrənmək, nəzəri biliklərimi praktik təcrübə ilə möhkəmləndirmək və peşəkar mühitdə inkişaf etmək istəyi olub: “Bu proqramdan gözləntim təhsil sisteminin müxtəlif istiqamətlərini yaxından tanımaq, peşəkar mütəxəssislərlə işləmək və gələcək karyeram üçün dəyərli təcrübə qazanmaq idi. Düşünürəm ki, proqram bu gözləntilərimi tam şəkildə doğruldub”.

Nazirlikdə  təcrübə keçmək isə ona məlumatların təhlili, rəsmi sənədlərlə işləmək, təqdimat hazırlamaq, komanda şəraitində fəaliyyət göstərmək və vaxtın səmərəli idarə olunması kimi vacib peşəkar bacarıqlar qazandırıb: “Eyni zamanda dövlət qurumlarında qərarların necə formalaşdığını, təhsil siyasətinin necə həyata keçirildiyini və idarəetmə mexanizmlərini daha yaxından öyrəndim.

Təcrübə müddətində qarşılaşdığım ən böyük çətinlik qısa müddətdə böyük həcmdə məlumatların işlənməsi və dəqiq statistik təhlillərin aparılması idi. Bu çətinliyin öhdəsindən planlı işləməklə, prioritetləri düzgün müəyyənləşdirməklə və həmkarlarımın tövsiyələrindən faydalanmaqla gəldim”.

Nazirliyin kollektivi ilə inteqrasiya prosesi isə onun üçün asan olub: “Nazirlikdəki gündəlik iş prosesini yüksək səviyyədə təşkil olunmuş hesab edirəm. Şöbələr arasında koordinasiya və əməkdaşlıq mövcuddur, hər bir struktur vahidi öz fəaliyyət istiqaməti üzrə məsuliyyətli şəkildə çalışır. Bu da ümumi iş prosesinin səmərəliliyinə müsbət təsir göstərir”.

“Maarifçi” gənc deyir ki, Naxçıvanın təhsil sistemində müşahidə etdiyi müsbət məqamlardan biri təhsil infrastrukturunun inkişafı, müəllimlərin peşəkar inkişafına göstərilən diqqət və təhsildə rəqəmsallaşma istiqamətində görülən işlərdir: “İnkişaf etdirilməli sahələrdən biri isə məlumatların rəqəmsal idarə olunmasının daha da genişləndirilməsi və innovativ layihələrin tətbiqinin artırılmasıdır.

Bir təcrübəçi kimi regionda təhsilin keyfiyyətini artırmaq üçün məktəblərdə şagirdlərin tədqiqat və layihə əsaslı fəaliyyətlərini təşviq edən “Gənc tədqiqatçılar platforması” adlı layihənin həyata keçirilməsini təklif edərdim. Bu layihə şagirdlərin analitik düşünmə, problem həll etmə və elmi araşdırma bacarıqlarının inkişafına töhfə verə bilər”.

“İnanıram ki, qazandığım bilik və təcrübə gələcək fəaliyyətimdə təhsil sisteminin inkişafına töhfə verməyimə imkan yaradacaq”,- deyir həmsöhbətim.

Beləliklə bu təcrübə onun gələcək karyera planlarına əhəmiyyətli təsir göstərib. Bildirir ki, təhsil idarəçiliyinə marağı daha da artıb və gələcəkdə təhsil sektorunda dövlət qulluqçusu və ya mütəxəssis kimi fəaliyyət göstərmək istəyir. 

“Təcrübə müddətində bu gözləntilərimin böyük hissəsinin qarşılandığını düşünürəm”

Digər “Maarifçi” Fatimə Hüseynova 2004-cü ildə Naxçıvan şəhər Qaraxanbəyli kəndində anadan olub. 2022-ci ildə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbi bitirərək, Naxçıvan Dövlət Universitetinin “İnformasiya texnologiyaları” ixtisasına qəbul olub. Bu ildən isə həmin universitetin “Kompüter modelləşdirilməsi” ixtisası üzrə magistratura təhsili alacaq. 

O universitet illərində İT sahəsində həm nəzəri, həm də praktiki biliklərini inkişaf etdirib, xüsusilə məlumatların təhlili və rəqəmsal texnologiyalar istiqamətinə marağı formalaşıb. Təhsil müddətində Naxçıvan Dövlət Universitetinin İKT şöbəsində könüllü fəaliyyət göstərib. Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Strateji planlaşdırma və daxili nəzarət şöbəsində təcrübə keçir.
Deyir ki, təcrübə müddətində şöbənin fəaliyyət istiqamətləri, strateji planlaşdırma, iş proseslərinin təhlili və daxili nəzarət mexanizmləri ilə tanış olub:“Verilən tapşırıqların icrasında iştirak edir, məlumatların araşdırılması və sistemləşdirilməsi, sənədlərlə işləmə, məlumatların təhlili və müxtəlif iş materiallarının hazırlanması istiqamətində fəaliyyət göstərirəm. Həmçinin keçirilən imtahanlarda, direktor müsahibələrində və “Rəqəmsal məktəb” platformasının Naxçıvan məktəblərində tətbiqi ilə bağlı proseslərlə tanış olmaq və bu işlərdə iştirak etmək imkanım olub”.

“Maarifçi” tələbə-məzun proqramına müraciət etməyinin əsas səbəbi isə universitetdə qazandığı nəzəri bilikləri real iş mühitində tətbiq etmək və dövlət qurumunun iş prinsipini yaxından öyrənmək istəyi olub:

“Xüsusilə İT və rəqəmsal idarəetmə istiqamətində təhsil aldığım üçün bu proqramın mənim üçün uyğun olduğunu düşünürdüm. Proqramdan əsas gözləntim dövlət qurumunda iş prosesini, komanda fəaliyyətini və real layihələrin idarə olunmasını öyrənmək idi.
Eyni zamanda düşünürdüm ki, burada əldə edəcəyim təcrübə gələcək karyera istiqamətimi daha dəqiq müəyyənləşdirməyə kömək edəcək. Təcrübə müddətində bu gözləntilərimin böyük hissəsinin qarşılandığını düşünürəm.

Bu proqram mənə ilk növbədə real iş mühitinə uyğunlaşmağı və verilən tapşırıqlara daha məsuliyyətli yanaşmağı öyrətdi. Texniki biliklərdən əlavə, məlumatların düzgün sistemləşdirilməsi, sənədlərlə işləmək, iş prosesini izləmək, komanda daxilində ünsiyyət qurmaq və vaxtı düzgün idarə etmək bacarıqlarımı inkişaf etdirdim.

Ən vacib qazancım isə universitetdə öyrəndiyim İT biliklərinin dövlət idarəçiliyində və təhsil sektorunda necə tətbiq olunduğunu görmək oldu. Bu, nəzəri biliklərlə praktiki fəaliyyət arasındakı əlaqəni daha yaxşı başa düşməyimə kömək etdi”.

Fatimənin ən böyük çətinliyi yeni iş mühitinə və iş proseslərinə qısa müddətdə uyğunlaşmaq olub:  “Universitet mühitindən fərqli olaraq burada tapşırıqların icrası zamanı məsuliyyət, dəqiqlik və vaxt amili daha çox ön plana çıxırdı. Bu çətinliyi aradan qaldırmaq üçün ilk növbədə tapşırıqları düzgün başa düşməyə, lazım olduqda suallar verməyə və verilən geribildirimləri nəzərə almağa çalışdım. Həmçinin bilmədiyim məsələləri araşdıraraq özüm öyrənməyə çalışdım. Nəticədə proqramın sonuna doğru iş proseslərinə daha rahat uyğunlaşdığımı və tapşırıqları daha müstəqil şəkildə yerinə yetirə bildiyimi düşünürəm”.

Fatimə təcrübəçi kimi onun üçün ən maraqlı məqamlardan birinin müxtəlif şöbələrin ümumi məqsəd istiqamətində necə koordinasiyalı işlədiyini müşahidə etmək oldunu qeyd edir: “Təcrübə müddətində proseslərin necə təşkil edildiyini, məlumatların sistemləşdirilməsini və işlərin koordinasiyasını müşahidə etmək imkanım oldu. Xüsusilə rəqəmsal platformaların məktəblərdə tətbiqinin təhsil prosesinin daha səmərəli və sistemli təşkilinə necə kömək etdiyini görmək faydalı təcrübə oldu. Bu tapşırıqlar mənə təhsil sahəsində rəqəmsal həllərin tətbiqi, proseslərin planlaşdırılması və onların icrasına nəzarətin əhəmiyyətini praktiki şəkildə öyrətdi”.

Onun təcrübə müddətində müşahidə etdiyi müsbət məqamlardan biri təhsil sahəsində rəqəmsallaşmaya və müasir texnologiyalardan istifadəyə marağın artması olub. Fikrincə, region məktəblərində rəqəmsal bacarıqlar daha da gücləndirilə bilər:“Mən region məktəbləri üçün “Rəqəmsal təhsil və karyera” layihəsinin həyata keçirilməsini təklif edərdim. Layihə çərçivəsində şagirdlər üçün proqramlaşdırma, data analitikası, süni intellekt və digər müasir İT istiqamətləri üzrə praktiki seminarlar təşkil edilə bilər. Bundan əlavə, müxtəlif sahələrdə çalışan mütəxəssislərlə onlayn görüşlər keçirilə və şagirdlər real layihələr üzərində işləyə bilərlər. Məncə, bu layihə həm şagirdlərin rəqəmsal bacarıqlarını artırar, həm də onların gələcək ixtisas və karyera seçimlərini daha düzgün etmələrinə kömək edər”.

Bu təcrübə gələcək karyera planlarına müsbət təsir göstərib. Deyir ki, Təhsil Nazirliyində təcrübə keçmək ona texnologiyaların təhsil sektorunda və dövlət idarəçiliyində nə qədər vacib rol oynadığını daha yaxından görməyə imkan verib: “Gələcəkdə təhsil sektorunda İT və rəqəmsal transformasiya istiqamətində mütəxəssis kimi fəaliyyət göstərmək istərdim. Dövlət qulluğu da maraqlandığım istiqamətlərdən biridir. Əsas məqsədim qazandığım İT və analitik bilikləri dövlət sektorunda tətbiq edərək rəqəmsal inkişaf prosesinə töhfə verməkdir”.

“Maarifçi” tələbə-məzun proqramı gənclərin nəzəri biliklərini real iş mühiti ilə birləşdirməsinə, dövlət idarəçiliyi və təhsil sektorunun iş prinsipləri ilə yaxından tanış olmasına imkan yaradır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçən Nurtac Rəhimova və Fatimə Hüseynovanın fikirləri də göstərir ki, proqram çərçivəsində əldə olunan təcrübə onların həm peşəkar bacarıqlarının inkişafına, həm də gələcək karyera istiqamətlərinin müəyyənləşməsinə mühüm töhfə verir.