Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

9 Sentyabr, 2026 - 10:51
Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Naxçıvanda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib.

Konfransda Təhsil Nazirliyinin,rayon, şəhər təhsil şöbələrinin, ümumtəhsil, məktəbəqədər, peşə, məktəbdənkənar müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçiləri  iştirak ediblər.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 2025-2026-cı tədris ilində təhsil sahəsində həyata keçirilən tədbirlər, yeni  tədris ilində qarşıda duran vəzifələr mövzusunda çıxış edərək mövcud problemlər  və onların həlli istiqamətində atılan addımlardan söz açıb. Nazir yeni tədris ilinin hədəflərini səsləndirib və  tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində konkret tapşırıqlar verib. Elxan Nəcəfov təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.  

Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, Təhsil Nazirliyi Aparatının Strateji planlaşdırma və daxili nəzarət şöbəsinin Analitik təhlil və statistika sektorunun müdiri, Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri çıxış ediblər.

Çıxışlarda  şagirdlərin bilik və bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi,olimpiada və müsabiqələrdə buraxılış və qəbul imtahanlarında şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, ötən tədris ilinin nəticələri təhlil olunub.

Konfransda 2025–2026-cı tədris ilində təhsil sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və yeni tədris ilində qarşıda duran vəzifələrlə bağlı müzakirələr  aparılıb, yeni tədris ilində  hədəflər müəyyənləşdirilib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2026-cı il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Şərur rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Etibar Quliyevə mükafat təqdim edilib.

Konfransın sonunda yeni tədris ilində qarşıda duran vəzifələri əks etdirən qərar layihəsi iştirakçıların diqqətinə çatdırılıb.Rayon, şəhər Təhsil Şöbələrinin müdirlərinə yerlərdə bölmə iclaslarının keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib
Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib