"Məktəbə gəlməyi səbirsizliklə gözləyirdim" – REPORTAJ

15 Sentyabr, 2026 - 17:09
"Məktəbə gəlməyi səbirsizliklə gözləyirdim"

Ölkənin hər yerində bu gün bir çox ailələr övladını məktəbə yola saldığı üçün sevinir. Xüsusən də birincilər üçün bu gün əlamətdardır. Təbii olaraq ailələr həyəcanlı, uşaqlar sevinclidirlər. Amma bir məktəb var ki, onların şagirdləri üçün 2 qat bayramdır. Çünki 4 ildir təmir olunan məktəbləri bu gün tam müasir standartlara cavab verən bir şəkildə onların istifadəsinə verilir. 
Söhbət 522 şagird yerlik Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdən gedir.

“Azərbaycan müəllimi” yeni tədris ilində şagird və pedaqoji heyətin istifadəsinə verilən məktəbdə olaraq onların təəssüratlarını öyrənib.

Məlumat üçün qeyd edək ki, 3 mərtəbəli məktəbdə 30 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb. Hazırda məktəbdə 508 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olur.

Məktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi, həmçinin içməli su və yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə su anbarları istifadəyə verilib.

Müasir təhsil mühitinin formalaşdırılmasına xidmət edən layihə məktəbin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, şagirdlərin daha əlverişli və təhlükəsiz şəraitdə təhsil almasına imkan yaradır.

İlk olaraq birinci siniflərin otağına daxil oluruq. Burada mənzərə tam fərqlidir. Adətən balaca məktəbliləri ağlayan görməyə alışsaq da, doğma məktəblərində onlar da rahatdır. “Kim mənlə söhbət eləmək istəyir?” - deyəndə, hər kəs dərsə cavab verirmiş kimi əlini qaldırır. Ən fəalları deyəsən Mehdi Vəlizadədir. Çünki hamıdan qabağa düşərək deyir ki, yeni məktəbə gəlməyi səbirsizliklə gözləyib: “Yeni məktəbi çox sevdim. Ən çox “Azərbaycan dili” fənnindən xoşum gəlir. Mənim burda çoxlu dostlarım var”.

Sinif yoldaşı Məryəm Hacızadə isə nisbətən sakitdir. Deyir ki, gələcəkdə müəllim olmağı istəyir. Elə müəllimi Rəfail Məmmədov da ömrünün 34 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Onun yola saldığı məzunlar arasında müxtəlif sahələrdə uğurla çalışanlar var.

Təməl necə qoyularsa, şagirdlərin  nəticələri də  daha yaxşı olur. Ona görə də məktəbdə şagirdlərin təməlinin düzgün qoyulmasına xüsusi yanaşılır.  Yeni məktəbin istifadəyə verilməsi ilə bağlı danışan müəllim yaradılan şəraitdən məmnunluğunu bildirir:  “Dövlətimizə, bu işdə zəhməti olan hər bir kəsə, valideynlər və şagirdlər adından minnətdarlığımı və təşəkkürünü bildirirəm. Müasir tələblərə cavab verən yeni təhsil ocağının istifadəyə verilməsi bizi sevindirir. Biz müəllimlər bundan sonra da öz işlərimizi daha uğurla davam etdirməyə borcluyuq. Məqsədimiz xalqımız üçün, gələcəyimiz üçün layiqli vətəndaşlar yetişdirməkdir”.

Digər həmsöhbətimiz Rüqəyya Vəliyeva isə 3-cü sinifdə oxuyur. Yeni məktəbin rahatlığı onun da xoşuna gəlib. Deyir ki, ən çox riyaziyyat fənnini sevir:  “Gələcəkdə həkim olmaq istəyirəm. Burada sinif yoldaşlarımla bir-birimizə dərs oxumaqda kömək edirik, dəstək oluruq. Müəlimimiz də bizə xüsusi yanaşır, bütün suallarımızı cavablandırır”.

Məktəbdə birincilər qədər həyəcanlı olan on birincilər də var. Onlar da  məktəbin imkanlarından tam yararlana bilirlər.   
XI sinif şagirdi Leyla Vəliyeva müəllim olmaq istəyir. Deyir ki, məktəbləri indi daha müasir, işıqlı və rahatdir:  “Sinif otaqlarımızın, dəhlizlərin, yenilənməsi burada daha həvəslə təhsil almağımıza imkan yaradır. Sevinirəm ki, son tədris ilim daha yaxşı şəraitdə keçəcək, imtahanlara daha inamla hazırlaşacayıq”.

Məktəbin X sinif şagirdi Surə Hacıyeva ilə isə ayaqüstü söhbətləşirik. Deyir ki, təəsüflər olsun ki, əvvəlki məktəbdə laboratoriyaları olmayıb, kompüter təchizatı  köhnə olub: “Mən həkimliyə hazırlaşıram deyə laboratoriyanın yaxşı olması vacibdir. Kimya və bilogiya laboratoriyası  olmadığına görə təcrübə apara bilmirdik. Sadəcə beynimizdə təsəvvür edirdik. İndi isə əyani şəkildə görmə imkanımız var, təcrübə apara bilirik. Bütün fənləri yaxşı oxuyuram, ingilis dilini sevirəm. Həkimlik uşaqlıq arzumdur, bu sahədə isə  ailəmin və müəllimlərimin mənə dəstəyi sonsuzdur”.

Müasir kitabxana ilə tanış olanda sonra, düşünürük ki, şagirdlər bədii ədəbiyyat oxumaqda daha həvəsli olar. Sualımıza cavab tapmaq üçün məktəbin dil və ədəbiyyat müəllimi Turanə Bağırova ilə söhbətləşirik. Onun 20 illik pedaqoji fəaliyyəti var.  Müəllim yeni məktəb binasının onda xoş təəssürat yaratdığını deyir: “Məktəbimiz müasir tələblərə uyğun şəkildə qurulub.  Müəllim kollektivimizin səyi nəticəsində bu ili yüksək nəticələrlə başa vuracağımıza inanırıq. Yeni kitabxana şagirdlərin mütaliəyə cəlb olunmasında mühüm rol oynayacaq. Müasir dövrün uşaqları kitabdan bir qədər uzaqlaşsalar da, məktəbdə yeni, müasir tələblərə uyğun kitabxananın yaradılması bu istiqamətdə imkanları genişləndirir. Şagirdlər yeni biliklər əldə etmək, dünyagörüşlərini daha da genişləndirmək üçün mütaliə edəcək, yeni nəşr və əsərlərlə tanış olacaqlar”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Bilik Günü münasibətilə məktəbdə yaradılan müasir təhsil şəraiti ilə tanış olub, şagird və pedaqoji kollektivlə görüşüblər. Görüş zamanı yeni tədris ili münasibətilə müəllim və şagirdlərə xoş arzular çatdırılıb, onlara  uğurlar arzulanıb.
Biz də məktəbdən xoş təəssüratlarla ayrılırıq. İnanırıq ki, burda “işıqlı” sözü yalnız dəhliz və sinif otaqları üçün yox, şagirdlər üçün də səslənəcək. 

"Məktəbə gəlməyi səbirsizliklə gözləyirdim"
"Məktəbə gəlməyi səbirsizliklə gözləyirdim"
"Məktəbə gəlməyi səbirsizliklə gözləyirdim"
"Məktəbə gəlməyi səbirsizliklə gözləyirdim"
"Məktəbə gəlməyi səbirsizliklə gözləyirdim"
"Məktəbə gəlməyi səbirsizliklə gözləyirdim"
"Məktəbə gəlməyi səbirsizliklə gözləyirdim"