İdris İsayev AzMİU-nun 50 illik yubileyi münasibətilə təltifetmə mərasimində iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə təltifetmə mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib.
Daha sonra ali təhsil ocağının yarıməsrlik fəaliyyət yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin ali təhsil sistemində xüsusi yerə malik olduğunu bildirib. Nazir müavini qeyd edib ki, AzMİU uzun illərdir ölkəmiz üçün strateji əhəmiyyət daşıyan memarlıq, inşaat, mühəndislik, şəhərsalma və digər prioritet istiqamətlər üzrə yüksək ixtisaslı kadr hazırlığını uğurla həyata keçirir. Nazir müavini universitetin ölkənin sosial-iqtisadi inkişafında, xüsusilə müasir infrastruktur layihələrinin reallaşdırılmasında və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesində mühüm rol oynadığını vurğulayıb.
Daha sonra çıxış edən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, təqdim olunan mükafatlar AzMİU kollektivinin uzun illər ərzində səmərəli fəaliyyətinə verilən yüksək qiymət və böyük etimadın göstəricisidir. O vurğulayıb ki, universitet kollektivi bundan sonra da göstərilən etimadı doğrultmaq, ölkəmiz üçün peşəkar və rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq, elmi fəaliyyətin inkişafına töhfə vermək üçün bütün gücü ilə çalışmağa davam edəcək.
Çıxışlardan sonra əməkdaşlara təltiflər təqdim edilib.



