İdris İsayev: Çalışmalıyıq ki, elm və təhsilin iqtisadiyyatla, sənaye ilə birbaşa əlaqəsi təmin olunsun

30 Oktyabr, 2026 - 12:09
İdris İsayev: Çalışmalıyıq ki, elm və təhsilin iqtisadiyyatla, sənaye ilə birbaşa əlaqəsi təmin olunsun

“Elm və texnologiyalar dünyada baş verən dəyişikliklərin əsas hərəkətverici qüvvəsinə çevrilib. Süni intellekt, rəqəmsal transformasiya, alternativ enerji mənbələri və digər texnoloji sahələrdə əldə edilən nailiyyətlər bu gün iqtisadiyyatın, sənayenin və bütövlükdə cəmiyyətin inkişafını müəyyən edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış tədbirində elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.

Nazir müavininin sözlərinə görə, dünyada ölkələrin inkişaf göstəriciləri artıq yalnız təbii sərvətləri və iqtisadi imkanları ilə deyil, həm də həmin ölkələrin elmi potensialı, insan kapitalının səviyyəsi, texnologiya və innovasiyalar yaratmaq qabiliyyəti ilə ölçülür. Təbii ki, inkişaf etmiş ölkələr bu istiqamətlərə ciddi investisiyalar yatırırlar: “Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə elm və innovasiyalar əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Təsadüfi deyil ki, 2030-cu ilədək ölkənin sosial-iqtisadi inkişaf strategiyasında müəyyən edilən beş milli prioritetdən biri rəqabətqabiliyyətli insan kapitalının və müasir innovasiyalar məkanının formalaşdırılması ilə bağlıdır. Bu da bir daha göstərir ki, dövlət siyasətində insan kapitalının, elmin və təhsilin mühüm yeri var.

Bu baxımdan biz çalışmalıyıq ki, elm və təhsilin iqtisadiyyatla, sənaye ilə birbaşa əlaqəsi təmin olunsun. Elə bir elmi mühit formalaşdırmalıyıq ki, universitetlərimizdə və elmi mərkəzlərimizdə aparılan tədqiqatlar, əldə edilən yeni biliklər iqtisadiyyatımıza real töhfə versin. Bu biliklər ölkəmizin iqtisadi, sosial və texnoloji inkişafına yönəldilsin.

Təbii ki, biz fundamental elmlərə də diqqət yetirməliyik. Fundamental elmlər sayəsində əldə olunan nəticələr gələcək texnologiyaların, yeni texniki həllərin və innovasiyaların yaradılmasının əsasını təşkil edir”.

İdris İsayev ölkəmizdə elmi fəaliyyətin təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, elmi müəssisələrdə elmi tədqiqatların keyfiyyətinin artırılması, elmi fəaliyyətlə ali təhsil arasında əlaqələrin təmin edilməsi, elmi rəhbərliyin səmərəliliyinin yüksəldilməsi, dissertasiya mövzularının aktuallığı və elmi-tədqiqatlar nəticəsində əldə edilmiş nəticələrin tətbiqi ilə bağlı məsələlər diqqət mərkəzindədir.