İki institut zavodla müqavilə bağladı: birgə tədqiqat aparacaqlar

25 İyun, 2026 - 20:20
İki institut zavodla müqavilə bağladı: birgə tədqiqat aparacaqlar

Elm və Təhsil Nazirliyi (ETN) Yüksək Texnologiyalar Parkında bu Parkın rezidenti olan “ETN Təcrübə-Sənaye Zavodu” MMC (TSZ) ilə “Kimya İnstitutu” Publik Hüquqi Şəxs və “Fizika İnstitutu” Publik Hüquqi Şəxsin rəhbər heyəti arasında görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev, Fizika İnstitutunun direktoru vəzifəsini icra edən professor Elçin Hüseynov və ETN Təcrübə-Sənaye Zavodunun baş direktoru kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov, eləcə də hər üç müəssisənin əməkdaşları iştirak ediblər. 

Görüşün keçirilməsində əsas məqsəd üç qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi, innovativ və tətbiqi tədqiqatların birgə həyata keçirilməsi imkanlarının dəyərləndirilməsi, elmi nəticələrin istehsalata transferi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsinin aparılmasından ibarət olub.

Əvvəlcə TSZ-nin ərazisi, Zavodun Elmi Tədqiqat Sınaq Laboratoriyası və istehsal sahəsinə baxış keçirilib, həmçinin Fizika İnstitutunun “Qamma Şüalandırma Kompleksi” ilə tanışlıq baş tutub.

Daha sonra görüşdə TSZ-nin baş direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov təqdimatla çıxış edərək Zavodun Yüksək Texnologiyalar Parkının ilk rezidentlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Təcrübə-Sənaye Zavodu ölkədə neft-kimya sahəsində innovativ sınaq və tətbiqi tədqiqatların aparıldığı ilk və yeganə ixtisaslaşmış müəssisədir.

Baş direktor əlavə edib ki, zavodun fəaliyyət istiqamətləri sırasında yeni texnologiyaların işlənməsi və tətbiqi, neft-kimya məhsullarının tədqiqi və emalı, təcrübə-sınaq (pilot) istehsal işləri, laborator analiz və keyfiyyətə nəzarət, elmi-tədqiqat layihələrinin icrası, eləcə də sənaye müəssisələri ilə əməkdaşlıq xüsusi yer tutur.

“Zavod elmlə istehsalat arasında körpü rolunu yerinə yetirməklə ölkənin sənaye potensialının gücləndirilməsinə töhfə verir, həmçinin müasir texnologiyaların işlənməsi və onların istehsalata transferi üzrə aparıcı platformalardan biri kimi fəaliyyət göstərir”, – deyə qeyd edən Səxavət Rüstəmov TSZ-nin əsas məhsulları barədə də məlumat verib. Bildirib ki, müəssisədə müxtəlif növ yağlar, sürtkü materialları və texniki mayelər istehsal olunur. Zavod, eyni zamanda bir sıra satınalma müsabiqələrində iştirak edərək tenderlərin qalibi olub.

Daha sonra əməkdaşlıq perpektivlərinə dair müzakirələr aparılıb. Müzakirələrdə elmi-tədqiqat və innovasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda “ETN Təcrübə-Sənaye Zavodu” MMC ilə “Kimya İnstitutu” Publik Hüquqi Şəxs və “Fizika İnstitutu” Publik Hüquqi Şəxs arasında elmi-tədqiqat sahəsi üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, elmi-tədqiqat fəaliyyəti sahəsində ortaq məqsəd və təcrübələr əsasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin birgə icrası və təkmilləşdirilməsi nəzərdə tutulur.

İki institut zavodla müqavilə bağladı: birgə tədqiqat aparacaqlar
İki institut zavodla müqavilə bağladı: birgə tədqiqat aparacaqlar
İki institut zavodla müqavilə bağladı: birgə tədqiqat aparacaqlar
İki institut zavodla müqavilə bağladı: birgə tədqiqat aparacaqlar