“İlin gənc müəllimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı
“İlin gənc müəllimi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı Slavyan Universitetində keçirilən tədbirdə fərqləndirilən 10 müəllimlə yanaşı, təşkilatçı kütləvi informasiya vasitələrinin rəhbərləri, millət vəkilləri də iştirak edib.
BSU gənc müəllimlər arasında kişilərin sayını artırmaq üçün məqsədyönlü təqaüd proqramları həyata keçirir
Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev ölkədə təhsil sahəsində həyata keçirilən davamlı islahatların əhəmiyyətini vurğulayaraq, Bakı Slavyan Universitetinin əsas fəaliyyət istiqamətlərindən birinin müəllim kadrlarının hazırlanması olduğunu, universitetin bu sahədə geniş ixtisas spektri üzrə uzunillik təcrübəyə malik olduğunu bildirib. Onun sözlərinə görə, BSU yalnız tələbə qəbulu göstəriciləri ilə kifayətlənmir, eyni zamanda regionlarda müəllim potensialının gücləndirilməsi məqsədilə xüsusi təqaüd proqramları və maarifləndirici layihələr həyata keçirir: “Bu çərçivədə ibtidai sinif və xarici dil müəllimliyi ixtisasları üzrə oğlan tələbələr üçün “Oğlanlar üçün təqaüd proqramı”, regionlardan BSU-ya az sayda qəbul olunan qız tələbələr üçün “Qızlar üçün təqaüd proqramı” həyata keçiririk. Eyni zamanda təşviqat kampaniyaları çərçivəsində Bakı və Naxçıvan şəhərlərində, həmçinin müxtəlif bölgələrdə şagirdlərlə “Yeni dövrün Azərbaycanı” mövzusunda görüşlər keçiririk. Universitetimizdə həmin görüşlərdə iştirak edənlər üçün nəzərdə tutulan “Yeni dövrün gəncliyi” adlı təqaüd proqramı da reallaşdırılır”.
Anar Nağıyev bildirib ki, müasir dövrdə ömürboyu öyrənmə prinsipi əsas prioritetlərdəndir və BSU yalnız məzun hazırlığı ilə deyil, eyni zamanda fəaliyyətdə olan müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində də regionlarda çalışan pedaqoji heyət üçün müxtəlif təlim və seminarlar təşkil edir.
“Onlar bu müsabiqədə qabiliyyətləri sayəsində fərqləniblər”
“Azedu.az” Təhsil Saytının rəhbəri Elşad Eyvazlı müsabiqə qaydaları ilə bağlı məlumat verərək deyib ki, layihənin icrası üç mərhələdə həyata keçirilib.
Birinci mərhələdə gənc müəllimlər üçün nəzərdə tutulmuş qeydiyyat forması doldurulur. Müəllimlər bu mərhələdə özləri haqqında ətraflı məlumat təqdim edərək, tələb olunan bütün sualları cavablandırıb və müvafiq bölmələri tam şəkildə tamamlayıblar.
İkinci mərhələdə təşkilatçılar tərəfindən seçilən ekspertlər qrupu qeydiyyatdan keçmiş müəllimləri əvvəlcədən elan edilmiş meyarlar əsasında qiymətləndiriblər. Nəticədə “TOP-150”, “TOP-100” və “TOP-50” müəllimlərin siyahıları müəyyən edilib: “İkinci mərhələnin sonunda “TOP-50” siyahısına daxil olan müəllimlərlə onlayn formatda fərdi görüşlər təşkil edilib. Beləliklə, münsiflər tərəfindən gərgin rəqabət nəticəsində seçilən ən yaxşı 10 müəllimi “TOP-10”-luğu sorğuya daxil etmişik”.
E.Eyvazlı müsabiqəyə qatılan müəllimlərə fəal iştiraklarına görə təşəkkür edib: “Müəllimlərimizin əksəriyyəti məktəb idarəçiliyində təmsil olunub. Onlar bu müsabiqədə qabiliyyətləri sayəsində fərqləniblər”.
“İşıqlı müəllimlərin iştirak etməsi gələcəyimizin əmin əllərdə olduğunu göstərir”
Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov bildirib ki, “İlin gənc müəllimi”layihəsini həmişə dəstəkləyiblər. Müsabiqəyə qatılanların coğrafiyasının geniş olduğunu, bütün ölkə ərazisini əhatə etdiyini vurğulayan millət vəkilinin sözlərinə görə, iştirakçılar arasında Naxçıvandan tutmuş Xəzər rayonuna qədər hər yerdən müəllim var: “Layihədə sizin kimi işıqlı müəllimlərin iştirak etməsi gələcəyimizin əmin əllərdə olduğunu göstərir”.
“Məqsədimiz ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır”
Təşkilatçılardan biri – “Azərbaycan müəllmi” qəzetinin baş redaktoru Sarvan İbrahimov gənc müəllimləri təbrik edib, onlara daha böyük peşə nailiyyətləri arzulayıb. O bildirib ki, müsabiqə AzEdu.az Təhsil Portalı və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə həyata keçirilir: “Müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır”.
“Qəhrəmanı olmayan millətlər dayanıqlı inkişaf edə bilmir”
Millət vəkili Vüqar Bayramov layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, gənc müəllimlərin hər biri bir qəhrəmandır: “Onların təqdimata, daha yaxından tanıdılmağa ehtiyacı var. Bu həm də ona görə lazımdır ki, yeni nəsil həmin qəhrəmanlara baxaraq böyüsün. Çünki qəhrəmanı olmayan millətlər dayanıqlı inkişaf edə bilmir”.
Onun sözlərinə görə, “İlin gənc müəllimi” layihəsində kifayət qədər ciddi rəqabət var. Seçilən 10 müəllimin hər biri yüksək pedaqoji bacarığa sahibdir və onları sıralamağa ehtiyac yoxdur: “Hər birimizin istifadə etdiyimiz telefonlar ona görə həyatımızın vacib parçasına çevrilib ki, onun içərisində əhəmiyyətli mobil tətbiqlər var. Bu tətbiqlər olmadan telefon heç bir şeydir. İnnovativ tətbiqləri yaradanlar da bacarıqlı müəllimlərin yetirmələridir. Əminəm ki, bu layihənin qalibi olan müəllimlərin yetişdirdiyi uşaqlar gələcəkdə əhəmiyyətli, innovativ tətbiqlər yaradacaqlar”.
“Yaxşı cəhətləri ümumiləşdirib demək lazımdır”
Əməkdar müəllim Ənvər Abbasov bildirib ki, “İlin gənc müəllimi” layihəsi ədalət prinsipi ilə həyata keçirilir: “Qürurla, cəsarətlə deyə bilərik ki, müsabiqənin keyfiyyətlə aparılması, obyektiv qərarlar verilməs və nəticədə bacarıqlı müəllimlərin seçilməsi bizim üçün böyük nailiyyətdir: “Təhsilimiz haqqında həmişə yaxşı fikirlər söyləmək lazımdır. Yaxşı cəhətləri ümumiləşdirib demək lazımdır”.
Tədbirin yekununda “İlin gənc müəllimi” müsabiqəsində önə çıxan 10 müəllim mükafatlandırılıb.
“Beynəlxalq sertifikasiyanı Azərbaycana gətirən şəxslərdən biriyəm"
Qalib gənc müəllimlər “Azərbaycan müəllimi”nə müsabiqədə onları fərqləndirən fəaliyyətlərindən danışıblar.
10 ildir müəllimlik fəaliyyəti göstərən Təranə Nuriyeva Nəsimi rayon 35 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimidir: “Beynəlxalq sertifikasiyanı Azərbaycana gətirən şəxslərdən biriyəm”.
Sertifikatlaşdırma prosesinin uğurlusu olan gənc müəllimin dediyinə görə, şagirdlərinin sevimlisidir. Elə bunlara görə də “İlin gənc müəllimi” layihəsinin qəhrəmanlarından biri də o olub.
“Məktəbimizdə olmayan işlər görmüşəm”
Gülağa Rəhmətov 12 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Lerik rayon Ambu kənd tam orta məktəbində çalışır. O da ibtidai sinif müəllimidir. Dediyinə görə, indiyədək müəllim adı daşımağın və şəhid qardaşı olmağın məsuliyyətini hiss edib: “Artıq həm də “İlin gənc müəllimi” seçilməyin məsuliyyəti əlavə olundu. Region səviyyəsində mütəmadi fərqlənmişəm, “Təşəkkürnamə”lərim, “Fəxri fərman”larım olub, amma ölkə səviyyəsində bu, ilk uğurumdur”.
Qısa müddətdə rayonun fərqlənən müəllimlərindən birinə çevrilməyini isə belə əsaslandırır: “Şagirdlərə qarşı qayğıkeşəm. Məktəbimizdə olmayan işlər görmüşəm, şagirdyönümlü addımlar atmışam. Təhsil prosesini şagirdlərimüçün maraqlı etməyə çalışıram, onlar üçün ekskursiyalar təşkil edirəm”.
“Məsələnin həllinin qısa yolunu şagirdimdən öyrənmişəm”
Natəvan Fərzəliyeva Ordubad şəhər M.T.Sidqi adına 1 nömrəli tam orta məktəbin riyaziyyat və STEAM müəllimidir: “İlin gənc müəllimi” layihəsində fərqlənən 10 müəllimdən biri olduğum üçün qürur duyuram”.
Naxçıvan Dövlət Universitetini özü də fərqlənmə ilə bitirən gənc müəllim 18 illik pedaqoji fəaliyyətində çoxlu nailiyyətlər qazanıb: “Olimpiadalarda, buraxılış və qəbul imtahanlarında ən yüksək nəticə əldə edən şagirdlərim çoxdur. Dərslərimdə ən müasir metodikalardan istifadə edir, yeni texnologiyaları tətbiq edirəm. Şagirdlərimi ənənəvi yolla yox, praktiki çalışmalara əsaslanaraq öyrədirəm”.
Gənc müəllim Naxçıvanda keçirilən sertifikatlaşdırma prosesinin uğurlularındandır. O, 51 bal toplayaraq yaxşı müəllimlərdən biri olduğunu sübut edib: “Şagirdlərimlə münasibətdə aramıza sədd qoymuram. Müəyyən çərçivə daxilində mehriban münasibətləri qoruyuram. İnanıram ki. şagirdlər müəllimi sevəndə fənni də, dərsi də, məktəbi də sevir”.
Natəvan müəllim deyir ki, müəllim sadəcə öyrədən yox, həm də öyrənən olmalıdır: “Elə olur ki, şagirdimdən öyrənirəm. Riyaziyyat müəllimiyəm və elə olub ki, məsələnin həllinin qısa yolunu şagirdimdən öyrənmişəm”.
Beləliklə, 2018-ci ildən bəri həyata keçirilən “İlin gənc müəllimi” müsabiqəsi başa çatıb. Daha 10 müəllim özünün qəhrəmanlıq, fədakarlıq hekayəsi ilə önə çıxıb. 10 gənc, sadəcə məktəbində yox, regionunda, hətta ölkəsində nümunə sayılacaq əməli – müəllimliyi ilə fərqlənib.
Uğurlarınız bol, inkişafınız davamlı olsun, “İlin gənc müəllimləri”.


