"İlk şagirdim babam olub" - Əfşan müəllimin hekayəsi

2 Fevral, 2026 - 16:07
"İlk şagirdim babam olub"

8 ildir müəllimdir və dediyinə görə, onu müəllim edən şagirdləridir. Bakı şəhəri 220 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Əfşan Fərəclinin hər kəlməsi şagirdləri, hər sözü müəllimliklə bağlıdır. Onun üçün bütün yollar müəllimliyə çıxır. Həyatdakı hər mübarizəsi də elə müəllimlik üçündür. Başlıca mübarizəsini isə xəstəliklə, onun ağır nəticələrindən biri olan əlilliklə aparıb. Uşaqlıqda onu yaxalayan ifliclə elə savaşıb ki, II dərəcəli əlilliyi III dərəcəyə enib. Bu mübariz müəllimi tanımaq istəyirsinizmi?

Müəllimliyə gedən yol

Əfşan Fərəcli Bakı şəhərində doğulub. Tam orta təhsilini Bakı şəhəri 34 nömrəli tam orta məktəbdə alıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbəlik həyəcanını yaşayıb. Belə ki, 2012-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yetərli balı toplayaraq  “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olub.

Bu ixtisası seçməyində müəllim ailəsində böyüməyinin mütləq təsiri danılmazdır: “Müəllim ailəsində doğulmuşam. Düşünürəm ki, uşaq üçün ən böyük şans valideynin təhsilli olması və uşağını düzgün şəkildə istiqamətləndirməsidir. Daha böyük şans isə həyatında düzgün istiqamət verən müəllimlərdir. Mən həmin şanslılardanam. Uğurlarıma görə valideynlərimə və mənə dərs deyən, müəllim olandan sonra da dəstəklərini məndən əsirgəməyən müəllimlərimə borcluyam”.

Ağdamdan başlayan müəllimlik fəaliyyəti 

Bu qədər böyük təsiredici mühitdə o da müəllim olmağa qərar verib. Müəllim olmaq üçün çox imtahanlarda iştirak edib, hamısından uğurla keçib. Bu yolda ən böyük imtahanı 2017-ci ildə olub. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək uğur qazanıb. O gündən start götürən müəllimlik yolu Ağdamda 71 nömrəli tam orta məktəbdən başlayıb. 

Özünü hələ şagird ikən müəllim kimi hiss etməyə başlayıb: “Müəllimliyə olan sevgim uşaqlıqdan var. Qız uşaqları evcik-evcik  oynayanda, mən gəlinciklərimi düzüb sinif otağı yaradırdım və müəllim kimi onlara dərs keçirdim”.

İlk canlı şagirdi babası olub: “Babam Azərbaycan dilində yazıb-oxuya bilmirdi. Mən məktəbə gedəndən sonra ona da yazıb-oxumağı öyrətdim. Babamın Azərbaycanca yazıb-oxuduğunu görmək məni çox sevindirirdi. O gündən sonra böyüklərin “Səndən yaxşı müəllim olar”, - dediyini çox eşidirdim. Bu fikirlər böyüyüb kim olacağıma dair qərar verməyimə kömək etdi, məni düzgün yönləndirdi”.

O, həqiqətən, çox yaxşı müəllim oldu. Bunu 2023-cü ildə, sadəcə özünə və yaxın ətrafına yox, bütün ölkəyə sübut edib. Həmin il qatıldığı müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 60 baldan 51, müsahibə mərhələsində 40 baldan 35 bal toplayıb: “Nailiyyətlərimin səbəbi peşəmə və uşaqlara qarşı içimdəki sevgidir. Sevgi varsa, orada uğur da olur, öyrənmək motivasiyası da, üstəlik, öyrətmək istəyi də”.

Uşaqlıqdan qalan iz

Sağ tərəfli insult keçirib və bu, bir tərəfinin iflic olması ilə nəticələnib. Uşaqlıqdan bəri aparılan müalicə nəticəsində nisbətən sağlamlığı bərpa olunsa da, əlillik də qalıb. Amma bu əlillik onu dayandırmayıb, nə təhsilindən, nə işindən geri qalıb. Problemlərə baxmayaraq, təhsilini, sonra işini həyatdakı bütün çətinliklər, maneələrlə paralel şəkildə aparmaq həyat tərzinə çevrilib: “Uşaqlıqda beyin qanaması keçirmişəm və hərəkətimlə bağlı müəyyən məhdudiyyətlərim var. Xəstəliyimin sağalması çətin və uzun zaman alan prosesdir. Sinirlərlə bağlı olduğundan yaratdığı çətinliklər bir o qədər də ağır olur. Amma bu, heç vaxt təhsil almağıma, arzularımı reallaşdırmağıma əngəl olmayıb. Təcrübəmə əsasən deyə bilərəm ki, bu, təhsilə maneə deyil və ola bilməz”.

Müəllimlikdə gənclik amili

“Gənc olmağım mənim qarşıma daha çox imkanlar açır. Düşünürəm ki, indi gənclər üçün imkanlar daha əlçatandır və gənclər bu fürsətlərdən istifadə etməlidirlər”, - deyən Əfşan müəllim hələ gəncdir, həyatda da, elə müəllimlikdə də.  
“Cəmiyyətin həm gənc, həm də yaşlı, təcrübəli müəllimlərə ehtiyacı var. Gənclər müəllimliyi məhz təcrübəli müəllimlərdən öyrənir. Məsələn, sinifdə öhdəsindən gələ bilmədiyimiz məsələlərin həlli üçün, ilk növbədə, təcrübəli müəllimlərdən kömək istəyirik. Gənc müəllim “hər şeyi bilirəm” fikri ilə deyil, məhz “öyrənirəm” fikri ilə yanaşmalı, yaşlı müəllim isə öz gənc həmkarına bildiklərini ötürməlidir. Biz də gələcəkdə onların yerində olacaq, yeni nəslə öz bacarıqlarımızı ötürəcəyik”.