İmtahanda süni intellektlə köçürənləri ifşa edənlərə 75 min dollar mükafat veriləcək
Cənubi Koreyada süni intellektdən istifadə etməklə imtahanlarda köçürmə hallarının qarşısını almaq məqsədilə yeni tədbirlər həyata keçirilir. Ölkə Prezidenti Li Ce Myon süni intellekt vasitəsilə imtahanda saxtakarlıq edən şəxslər barədə məlumat verənlərə ən azı 100 milyon von (təxminən 75 min ABŞ dolları) məbləğində mükafat veriləcəyini açıqlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Prezident noyabrın 18-də “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Bildirilib ki, mükafatın məbləği saxtakarlıq sxemində iştirak edən şəxslərin sayından asılı olaraq daha yüksək ola bilər. Eyni zamanda, cinayətə şərik olan şəxslər barədə məlumat verənlərin cəzalarının yüngülləşdirilməsi nəzərdə tutulur.
Yeni tədbirlər bu həftə keçiriləcək ölkə üzrə ali məktəblərə qəbul imtahanı ərəfəsində elan edilib. Qərara son dövrlərdə süni intellekt və xüsusi texniki vasitələrdən istifadə etməklə imtahanlarda köçürmə hallarının aşkarlanması səbəb olub. Belə ki, çətinliyi ilə tanınan mühasibat uçotu üzrə milli imtahanda ən yüksək nəticə göstərən namizəd bazar günü süni intellekt alətindən və mikrokameradan istifadə edərək yüksək bal topladığını etiraf edib.
Qeyd edək ki, imtahanlarda təhlükəsizliyin təmin olunması üçün bu il nəzarət tədbirləri də gücləndirilib.
Bütün eynəklər süni intellekt imkanlarının olub-olmaması baxımından yoxlanılacaq. İmtahan iştirakçılarına minikameraların gizlədilə biləcəyi zinət əşyaları, papaqlar və düyməli köynəklərdən istifadə etməmək tövsiyə olunub. İcazə verilən geyimlərdəki düymələr isə xüsusi stikerlərlə örtüləcək. İmtahan zamanı yalnız qrafit karandaşlardan istifadəyə icazə veriləcək.
Köçürmə etdiyi aşkarlanan şəxslərin 10 il müddətinə yenidən imtahan vermək hüququndan məhrum edilməsi də təklif olunur.
Bununla yanaşı, yerli onlayn ticarət platformaları da imtahanlarda köçürmə məqsədilə istifadə oluna biləcək cihazların satış elanlarının qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Bildirilib ki, bu cür məhsulların satış elanları platformalardan silinəcək, onlardan imtahanlarda saxtakarlıq məqsədilə istifadə isə qanunvericiliyə uyğun cəzalandırıla bilər.




