Bütün təhsil pillələri üzrə əhatəlilik əsaslı şəkildə artıb – Emin Əmrullayev
“Bizim üçün məzunların peşə hazırlığının hansı səviyyədə olmasının – ilkin peşə, texniki peşə, yüksək texniki peşə və ya ali təhsil olmasının fərqi yoxdur. Əsas məsələ təhsil müəssisələrindən məzun olan şəxslərin bu və ya digər peşəyə yiyələnməsidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” panel müzakirəsində səsləndirib.
Nazir bildirib ki, təhsilin məqsədi insanların təhsillə təmin edilməsi və təhsilə cəlb olunması olmalıdır: “Müəyyən yaşda təhsilini başa vurduqdan sonra insanların bu və ya digər ixtisasa, yəni kvalifikasiyaya yiyələnməsi, nəticə etibarilə, peşə sahibi olması ən vacib məsələdir. Çünki insanın həyatda bir peşəsinin, bir ixtisasının olması vacibdir”.
Emin Əmrullayev qeyd edib ki, bütün təhsil pillələri üzrə əhatəlilik əsaslı şəkildə artıb: “Yəni ali təhsildə artıq 60 min nəfərlik qəbul yeri ayırırıq. Onların bir qismi, düzdür, peşə və orta ixtisas təhsilindən gəlir. Təxminən 20–25 min nəfər orta ixtisas təhsilindən, 25–26 min nəfərə yaxın isə peşə təhsilindən ali təhsilə cəlb olunur. Ümumilikdə bu rəqəmləri topladıqda belə görürük ki, yenə də ali təhsilə qəbul olunanların bir hissəsi əvvəlki təhsil pillələrindən gəlir. Buna baxmayaraq, təxminən bir neçə on min nəfərimiz ixtisassız qalır. Bu, təbii ki, mürəkkəb məsələdir”.




