Uşaqlarımız erkən yaşlardan gələcəkdə hansı sahələrdə işləyəcəklərini bilməlidirlər - Anar Əliyev
“Təhlillər göstərir ki, süni intellekt daha çox ali təhsil və akademik təhsil tələb edən peşələrə öz təsirini göstərəcək. Peşə təhsilinə isə bu təsir o qədər də ciddi təsir etmir. Bu o deməkdir ki, peşə təhsilinə olan tələb daha uzun müddət davam edəcək”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” panel müzakirəsində səsləndirib.
Nazir bildirib ki, vacib olan məqam işəgötürənlərin tələblərinə cavab verən işçi qüvvəsinin əmək bazarına daxil olmasıdır:
“Bu gün bizim təhsil sistemimizin yekun benefisiarı əmək bazarıdır. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq peşə təhsilinin inkişaf istiqamətlərini, o cümlədən nazirlik tərəfindən həyata keçirilən peşə hazırlığının inkişafını peşə təhsili və peşə hazırlığı proqramlarının beynəlxalq əmək bazarının tələb və standartlarına uyğunlaşdırılmasında görürük”.
Anar Əliyev qeyd edib ki, artıq mindən çox peşə və kvalifikasiya standartı hazırlanaraq nazirliyin reyestrinə daxil edilib: “İl ərzində deyə bilərəm ki, Dövlət Məşğulluq Agentliyi 500 minə yaxın işsiz və işaxtaran şəxslə iş aparır. Bu işin daha böyük hissəsi və mahiyyəti əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların işçi qüvvəsinə aşılanması, eyni zamanda işçi qüvvəsinin bilik və bacarıqlarının artırılması və işəgötürənlərlə bu şəxslərin əlaqələndirilməsindən ibarətdir. Peşəyönümü məsləhət xidmətinin də bu çərçivədə olduqca vacib məsələ olduğunu hesab edirəm. Bu işlərə daha erkən yaşlardan başlanılmalıdır. Uşaqlarımız, şagirdlərimiz daha erkən yaşlardan gələcəkdə hansı istiqamətdə çalışa biləcəklərini, əmək bazarında hansı sahələrdə fəaliyyət göstərə biləcəklərini bilməlidirlər”.




