Nazir: Beynəlxalq əmək bazarının tələblərinə uyğun kadr hazırlığına diqqət yetirməliyik
“Biz hər il təxminən 18–20 min nəfəri peşə hazırlığına cəlb edə bilirik. Burada da əsas istiqamətimiz beynəlxalq səviyyədə tanınan peşə bilik və bacarıqlarının təqdim olunmasıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” panel müzakirəsində səsləndirib.
Nazir qeyd edib ki, 2019-cu ildən başlayaraq artıq peşə hazırlığında adambaşına maliyyələşmə mexanizminə keçid edililib: “Bu, bizə özəl sektorla əməkdaşlıq etmək üçün çox geniş imkanlar yaradıb. Hesab edirik ki, bu, olduqca faydalıdır. Biz 130-dan çox peşə və ixtisas üzrə qısamüddətli, yəni altı ayadək davam edən kurslar vasitəsilə işsiz və işaxtaran şəxslərimizə dəstək göstərə bilirik. 2030-cu ilə qədər hər il 25 minə yaxın şəxsin peşə hazırlığına cəlb olunmasını hədəfləmişik. Deyə bilərəm ki, biz 30–35–40 günlük qısamüddətli kurslar təşkil edirik”.
Onun sözlərinə görə, təhsil sistemimizdə hədəf yenə də əmək bazarının tələb və təklifləri olmalıdır: “İşəgötürənlərlə əlaqələr sıx qurulmalı və biz mümkün qədər beynəlxalq əmək bazarının tələblərinə cavab verən kadr hazırlığına diqqət yetirməliyik.
Burada bilik və bacarıqlarla bağlı bir neçə məsələni qeyd etmək istəyirəm. Əsas məsələlər dil bilikləri, məntiq və riyaziyyatdır. Mən hesab edirəm ki, bunlar baza bilikləridir. Bu biliklər əsasında biz bir çox şəxslərə qısamüddətli kurslar vasitəsilə peşə üzrə ixtisaslaşma səviyyəsinin artırılmasında dəstək ola bilərik. Əmək bazarının tələb və standartlarından, təbii ki, bazardakı mövcud tələbatdan asılı olaraq, peşənin dəyişdirilməsi və ya ixtisasartırma kursları vasitəsilə dəstək göstərə bilərik”.
Nazir gənclərə tövsiyə edib ki, dəyişən əmək bazarının tələblərini mütləq qaydada izləsinlər. İşaxtaran şəxs dəqiq bilməlidir ki, hansı sahədə işləmək istəyir.




