İnformasiya Texnologiyaları İnstitutunda data resursları emalı platforması gücləndirilir

1 İyul, 2026 - 15:39
İnformasiya Texnologiyaları İnstitutunda data resursları emalı platforması gücləndirilir

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi, süni intellekt texnologiyalarının tətbiqi və kibertəhlükəsizlik imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu tədbirlərin davamı olaraq, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet Şəbəkə” İdarəetmə Mərkəzinin hesablama infrastrukturu yeni server avadanlığı ilə təchiz olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, yaradılan əlavə resurslar böyükhəcmli verilənlərin emalı, modelləşdirmə, maşın təlimi və süni intellektəsaslı tətbiqlərin hazırlanması və elmi eksperimentlərin keçirilməsi kimi hesablama tutumlu tədqiqatların daha səmərəli həyata keçirilməsinə imkan verəcək.

Server avadanlığı, həmçinin “AzScienceNet”in bulud və virtuallaşdırma imkanlarını genişləndirərək elmi və təhsil müəssisələri üçün yeni rəqəmsal xidmətlərin, eləcə də süni intellekt layihələrinin hazırlanması, təlimi və tətbiqi üçün zəruri hesablama mühitinin formalaşdırılmasına şərait yaradacaq.

Bu istiqamətdə həyata keçirilən işlər, eyni zamanda, ölkənin ali təhsil müəssisələrinin beynəlxalq elm və təhsil müəssisələri ilə əməkdaşlığının gücləndirilməsinə, birgə tədqiqat layihələrinin həyata keçirilməsinə, süni intellekt və yüksək məhsuldarlıqlı hesablama resurslarına tələb olan sahələrdə beynəlxalq təşəbbüslərdə iştirakına, həmçinin qlobal elmi şəbəkələrə inteqrasiyasının genişlənməsinə mühüm töhfə verəcək.

Yeni avadanlığın istismara verilməsi nəticəsində “AzScienceNet” xidmətlərinin keyfiyyəti, etibarlılığı və dayanıqlılığı daha da artacaq, elm və təhsil müəssisələri üçün müasir rəqəmsal infrastruktur imkanları genişlənəcək, süni intellekt texnologiyalarının elmi tədqiqatlarda və tədris prosesində tətbiqi üçün yeni imkanlar yaranacaq.