İngiltərədə yeni təhsil islahatı: peşəyönümlü fənlər tədris olunacaq

31 İyul, 2026 - 13:06
İngiltərədə yeni təhsil islahatı:

İngiltərədə həyata keçiriləcək yeni təhsil islahatı çərçivəsində şagirdlər 14 yaşdan etibarən istehsalat, süni intellekt və digər peşəyönümlü texniki istiqamətlər üzrə təhsil ala biləcəklər.

"Azərbaycan müəllimi" xəbər verir ki, islahat çərçivəsində 10-cu sinifdən başlayaraq şagirdlər riyaziyyat, ingilis dili və təbiət elmləri kimi əsas akademik fənlərlə yanaşı, yerli əmək bazarının tələbatına uyğun peşəyönümlü proqramları da seçə biləcəklər. Bu proqramlara istehsalat, süni intellekt, mühəndislik, rəqəmsal texnologiyalar və digər tətbiqi sahələr daxil olacaq.

Yeni model şagirdlərə iş təcrübəsi qazanmaq, yerli işəgötürənlərlə əməkdaşlıq etmək və gələcək peşə seçiminə daha hazırlıqlı olmaq imkanı yaradacaq. Hökumət hesab edir ki, bu yanaşma gənclərin əmək bazarına keçidini asanlaşdıracaq.

İslahatın əsas məqsədlərindən biri təhsil almayan, işləməyən və peşə hazırlığında iştirak etməyən gənclərin sayını azaltmaqdır. Bu ilin statistik məlumatlarına görə, Böyük Britaniyada bu kateqoriyaya aid gənclərin sayı son 12 ilin ən yüksək səviyyəsinə çataraq 1 milyonu ötüb.

Bununla yanaşı, hökumət peşə təhsili və şagirdlik (apprenticeship) proqramlarını seçən gəncləri dəstəkləmək məqsədilə bəzi ailələrə 4 500 funt sterlinqədək maliyyə dəstəyi verməyi planlaşdırır.