İnklüziv təhsil: Hər bir şagird üçün bərabər imkanlar necə yaradılır?
“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” əlilliyi olan şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə təmin etməyi qarşıya məqsəd qoydu.
Bu məqsədlə Elm və Təhsil Nazirliyi, UNİCEF-in Azərbaycandakı nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi inklüziv təhsillə bağlı dövlət proqramının icrasına dəstək göstərməklə ADPU,SDU və GDU- nin pedaqoji ixtisaslarında tədris aparan professor-müəllim heyəti,ibtidai sinif müəllimləri və rəhbər işçilər üçün beynəlxalq ekspertlərin iştirak ilə inklüziv təhsilin mahiyyəti,istiqamətləri haqqında təlimlər keçməklə prosesə başladılar.
Bu təlimlər və qarşıya qoyulan tələblərə müvafiq olaraq dövlət və özəl pedaqoji yönümlü universitetlərin bütün ixtisasları üzrə tədris planlarında inklüziv təhsil fənni salınaraq 3-4- cü kurs tələbələrinə tədris olunmağa başlandı”.
Bu barədə inklüziv təhsil proqramları üzrə mütəxəssis, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası” kafedrasının baş müəllimi Gülşən Eminova “Azərbaycan müəllimi” nə danışıb.
Onun sözlərinə görə, müəllim hazırlığı əsasən “Pedaqoji kadr hazırlayan universitetlərin bakalavr proqramlarına "İnklüziv təhsil" fənni məcburi modul kimi inteqrasiya edilməsi” və “İxtisasartırma və peşəkar inkişaf: fəaliyyətdə olan ümumi təhsil müəllimləri üçün dövri olaraq sertifikat proqramları və ixtisasartırma kursları təşkili” istiqamətlərində təşkil olunur.
O, qeyd edib ki,“2018-2020-ci illərdə əlilliyi olan uşaqların orta ümumi təhsil müəssisələrində keyfiyyətli təhsil almaq imkanlarını dəstəkləmək məqsədilə ilk illərdə Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki, Ağcabədi və Qazax rayonunda Müəllim İnkişafı Mərkəzlərini yaradıldı. Həmin mərkəzlər müəllimlərin peşəkar inkişafına dəstək göstərməklə yanaşı, digər bölgələrdə və məktəblərdə də bununla bağlı bir sıra işlər görülür:“İnklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirmək məqsədilə 2021-2022-ci tədris ilindən Təhsil İnstitutu (ARTİ), Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə həyata keçirərək müəllimlərin peşəkar fəaliyyətlərinə istiqamət veriblər”.
Həmsöhbətimiz bildirib ki, inklüzivliyin təbliği və inklüziv təhsilin tətbiqi 3 istiqamət üzrə həyata keçirilir: “İnklüziv təhsilin uğurlu tətbiqi üçün ilk növbədə məktəb icmasının və cəmiyyətin düşüncə tərzini dəyişmək mütləqdir. Əlilliyə yanaşma dəyişməkdədir. Bu məqsədlə pedaqoji heyətin, şagird və valideynlərin iştirakı ilə seminarlar, ictimai müzakirələr təşkil olunur.
Digər 2-ci istiqamət təlimlərdir. 3-cü istiqamət isə metodik dəstəkdir.Metodik dəstək müəllimlərin təlimlərdə qazandıqları nəzəri biliklərin real sinif mühitində tətbiqinə yönələn və addım-addım müşayiət edən davamlı bir mentorluq sistemidir. Bu çərçivədə inklüziv siniflərdə dərs keçən müəllimlərə əlilliyi olan hər bir şagird üçün fərdi inkişaf dinamikasını nəzərə alan fərdi təlim planlarının (FTP) tərtib edilməsində, materialların adaptasiyasında birbaşa ekspert dəstəyi verilir. Həmçinin, məktəblərdə yaradılmış Resurs Mərkəzlərindəki korreksiyaedici pedaqoqlar (loqoped, defektoloq) və psixoloqlar müəllimlərlə sıx əməkdaşlıq edərək qarşıya çıxan çətinlikləri yerindəcə həll etmək üçün davamlı görüşlər həyata keçirilir.
Gülşən Eminova onu da qeyd edib ki, Təhsil İnstitutu tərəfindən inklüziv təhsil istiqamətində layihələrin icrasında iştirak edən əlavə təhsil mərkəzləri ilə əməkdaşlıq edən mentorların peşəkar kompetensiyalarının inkişafı məqsədilə “ustad dərslər” və təlimlər təşkil olunur.
Mütəxəssis vurğulayıb ki, təlimlərə müəllimlərlə yanaşı, korreksiyaedici pedaqoqlar, məktəb psixoloqları da cəlb olunur. Demək olar ki,həm pedaqojiyönümlü ali təhsil müəssisələrində, həm də hər il təşkil olunan təlimlər sayəsində orta ümumtəhsil məktəblərində çalışan müəllimlər inklüziv təhsil haqqında artıq kifayət qədər məlumatlıdırlar.
Hazırda bu sahədə kadr hazırlığı və elmi-metodiki tədqiqatların aparıcı yükü Azərbaycan Dövlət Pedaqoji Universitetinin ixtisaslaşmış kafedralarının üzərinə düşür. Bununla yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Universiteti daxil olmaqla digər aparıcı ali təhsil müəssisələrində də inklüziv təhsil və psixoloji diaqnostika istiqamətləri üzrə mütəxəssis hazırlığı reallaşdırılır.
Mütəxəssis qeyd edib ki, inklüziv təhsilə fərdi deyil, multidisiplinar yanaşılmalıdır: “İnklüziv təhsildə şagirdin inkişafı tək bir müəllimin öhdəliyi deyil, bu, komanda işidir.Şagird üçün hazırlanan fərdi təlim proqramı mütəxəssislərin rəyləri əsasında ortaq şəkildə formalaşdırılmalıdır. Məktəbin psixoloqu, korreksiyaedici pedaqoqu (loqoped, defektoloq) və reabilitasiya mütəxəssisləri ilə mütəmadi görüşlər keçirilməlidir. Müəllim sinif daxilindəki pedaqoji müşahidələrini, psixoloq isə emosional-davranış analizlərini birlikdə bölüşərək strategiyalarını çevik şəkildə yeniləməlidirlər. Şagirdin uğuru üçün müəllim, psixoloq və loqopedin birgə komanda şəklində işləməsi mütləqdir.
G.Eminova inklüziv siniflərdə tədris zamanı müəllimin diqqət yetirməli olduğu ən mühüm məqamları belə sıralayıb: Sosial – psixoloji mühit, fərdi təlim planı, universal təlim dizaynının tətbiqi. Mütəxəssis valideynlərlə əməkdaşlığın da injklüziv təhsildə aparıcı rolunu xüsusi vurğulayıb: “Valideyn təhsil prosesinin bərabərhüquqlu tərəfdaşı olmalıdır.Valideynlə əlaqə yalnız şagirdin mənfi davranışları və ya uğursuzluqları zamanı deyil, eyni zamanda hər bir kiçik uğurunu qeyd etmək üçün mütləq şərtdir”.




