İş imkanı yaranarsa, xalçaçılıq üzrə çalışmaq istərdim – 80 yaşlı məzun
Ordubad Peşə Liseyinin “Xalçaçı” ixtisasını bitirən 80 yaşlı Ordubad sakini Hicrət Yusifova diplomunu alıb.
Maraqlıdır bəs bundan sonra onun bu diplomdan istifadə etmək fikri varmı?
“Azərbaycan müəllimi” bu suala cavab tapmaq və onun gələcək planlarını öyrənmək üçün 80 yaşlı nənə ilə həmsöhbət olub.
Hicrət Yusifova deyir ki, əvvəldən xalçaçılığa böyük həvəsi olub:
“İşlədiyim yerdə xalçaçılıq və toxuculuqla məşğul olanlar vardı. Hərdən iş zamanı onların yanına gedib necə işlədiklərinə baxırdım. Bu da məndə xalçaçılığa maraq yaratdı. Xalça toxumaq mənə həmişə maraqlı gəlib.Amma müəyyən səbəblərdən bu sahə ilə məşğul ola bilmirdim. Sonradan ailəli oldum, şəxsi məsələlər oldu və xalçaçılıqla məşğul olmaq imkanım olmadı. Bir müddət sonra xalçaçılıq üzrə tələbə qəbulu olduğunu eşitdim. Dedim ki, gedim, heç olmasa şansımı yoxlayım. Düşündüm ki, qismət olsa, qəbul olaram, olmasam da, heç nə itirmərəm. Şükürlər olsun ki, gəldim və qəbul oldum.Artıq məzunam”.
O bu bir il ərzində həm nəzəri, həm də praktiki biliklər əldə edib. Deyir əvvəllər sadəcə maraqla baxırdı, indi isə xalçaçılığın müəyyən incəliklərini özü öyrənib:
“Məsələn, xalçada müxtəlif naxışların necə salındığını, güllərin necə toxunduğunu, işə necə başlamağı və necə yekunlaşdırmağı öyrəndim. Əvvəllər bunların hamısını bu qədər ətraflı bilmirdim. İndi isə xalça toxuma prosesinin necə aparıldığını daha yaxşı başa düşürəm”.
Məzun deyir ki, həvəsi olduğu üçün təhsil müddətində ciddi çətinlik çəkməyib:
“Əksinə, hər yeni öyrəndiyim məlumat məndə bu sahəyə marağı daha da artırdı. Gələcəkdə bu sahədə işləmək istəyirəm. Əgər iş imkanı yaranarsa, xalçaçılıq üzrə çalışmaq istərdim. Öyrəndiyim biliklərin yalnız diplomda qalmasını istəmirəm. İstəyirəm ki, bu sənətdən istifadə edim, bacarıqlarımı daha da inkişaf etdirim.Evdə dəzgahım olmadığından xalça toxumaq imkanım yoxdur. Amma imkan yaranarsa, özümə dəzgah alıb evdə də bu işlə məşğul olmaq istəyərəm”.
Ortalama balı 5 üzərindən 4,6 olan Hicrət nənəyə diplom veriləndə isə çox sevinib:
“Mənə diplom verilməsi də çox xoş oldu. Bu diplom həm təhsil aldığımı təsdiqləyir, həm də gələcəkdə bu sahədə işə müraciət edərkən mənim üçün faydalı ola bilər. Oxumaq və yeni sənət öyrənmək istəyən insanlara da demək istəyirəm ki, bunun üçün heç vaxt gec deyil. Bəziləri düşünür ki, müəyyən yaşdan sonra təhsil almaq və yeni peşə öyrənmək gecdir. Amma, insan istəsə, hər yaşda oxuya, yeni bilik və bacarıqlar əldə edə bilər. Əsas odur ki, həvəs və istək olsun. Bu təhsil mənə həm yeni bir sənət öyrətdi, həm də əvvəldən olan marağımı daha da inkişaf etdirdi. İndi istəyirəm ki, bu sənətlə məşğul olum, öyrəndiklərimi davam etdirim və gələcəkdə daha yaxşı xalçalar toxuya bilim”.
Qeyd edək ki, Hicrət Yusifova 1946-cı ildə Ordubad şəhərində anadan olub.Onun 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. O 25 il Ordubad İpək Kombinatında çalışıb.




