İşə qəbul üçün diplom yetmir: Məzundan daha nə tələb olunur?
Universiteti bitirmək əmək bazarına daxil olmaq üçün vacib mərhələdir, lakin diplom heç də həmişə ilk işin asanlıqla tapılmasına zəmanət vermir. Xüsusilə əmək fəaliyyətinə yeni başlayan gənclərdən işəgötürənlərin təcrübə, praktiki bacarıq və müxtəlif əlavə kompetensiyalar tələb etməsi bu prosesi daha da çətinləşdirir. Nəzəri biliklərlə əmək bazarının real gözləntiləri arasında yaranan fərq, təcrübə proqramlarının yetərsizliyi və vakansiyalarda tələb olunan iş təcrübəsi məzunların qarşılaşdığı əsas problemlər sırasında yer alır.
Ali təhsil müəssisələrinin məzunlarının ilk işi tapmaqla bağlı qarşılaşdıqları çətinliyin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktorantı, insan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva bildirib ki, məzunların ilk işini tapmaqda çətinlik çəkməsi yalnız iş təcrübəsinin olmaması ilə bağlı deyil:
“Əsas səbəblərdən biri təhsil sistemi ilə əmək bazarının tələbləri arasında bacarıq uyğunsuzluğunun yaranmasıdır. Əmək bazarı sürətlə dəyişir, rəqəmsallaşma və süni intellekt yeni bilik və bacarıqlara tələbat yaradır. Lakin təhsil proqramları bu dəyişiklikləri hər zaman eyni sürətlə əks etdirə bilmir. Nəticədə məzun nəzəri biliklərə malik olsa da, real iş mühitində tələb olunan praktiki bacarıqlar baxımından müəyyən çətinliklərlə üzləşir.
Digər mühüm problem isə işəgötürənlərin hətta başlanğıc səviyyəli vəzifələr üçün belə müəyyən iş təcrübəsi tələb etməsidir. Bu vəziyyət yeni məzun üçün təcrübə qazanmaq üçün iş lazımdır, iş tapmaq üçün isə təcrübə lazımdır paradoksu yaradır. Bununla yanaşı, tələbələrin karyera planlaşdırmasına gec başlaması, əmək bazarının tələblərini kifayət qədər bilməməsi, CV hazırlamaq və müsahibədən keçmək bacarıqlarının zəif olması da onların ilk işə keçidini çətinləşdirən amillərdəndir.
Bu problemin həlli üçün universitetlər yalnız nəzəri biliklərin ötürülməsi ilə kifayətlənməməli, tələbələri ilk kursdan əmək bazarına hazırlamalıdırlar. Karyera yönləndirilməsi, real biznes layihələri, praktiki dərslər, şirkətlərlə əməkdaşlıq, təcrübə və mentorluq proqramları təhsil prosesinin ayrılmaz hissəsinə çevrilməlidir. Tələbə universiteti bitirərkən yalnız diplom deyil, real layihə təcrübəsi, portfolio və əmək bazarında tələb olunan praktiki bacarıqlara sahib olmalıdır”.
Mütəxəssis qeyd edib ki, prosesdə şirkətlərin də rolu böyükdür:
“İşəgötürənlər yalnız hazır və təcrübəli kadr axtarmaq əvəzinə gənc istedadların hazırlanmasına investisiya qoymalıdırlar. Ödənişli təcrübə, , eləcə də mentorluq proqramları məzunların əmək bazarına daha asan inteqrasiyasına imkan yarada bilər.
Daha səmərəli yanaşmalardan biri şirkətlərin yeni əməkdaşların təlimi və adaptasiyasına çəkdiyi xərclərin müəyyən hissəsinin universitetlərdə şirkətlərin real ehtiyac duyduğu ixtisaslar üzrə tələbələrin praktiki hazırlığına yönəldilməsidir. Şirkət əvvəlcədən hansı ixtisas və bacarıqlara ehtiyac duyduğunu müəyyənləşdirir, universitet isə həmin istiqamətlər üzrə təhsil alan tələbələrin real iş mühitində hazırlanmasını təmin edir.
Tələbələr təhsil müddətində şirkətlərin real layihələrində iştirak etməli, konkret tapşırıqlar yerinə yetirməli və ‘‘portfolio, praktiki təcrübə və ölçülə bilən bacarıqlar”formalaşdırmalıdırlar. Beləliklə, məzun əmək bazarına yalnız diplomla deyil, artıq müəyyən iş təcrübəsi ilə daxil olur. Şirkət isə tələbəni əvvəlcədən tanıyaraq onun portfoliosunu, problem həll etmə, komanda ilə işləmə və rəqəmsal bacarıqlarını qiymətləndirə bilər. Uğurlu namizədlərlə universiteti bitirdikdən sonra müəyyən müddətli əmək müqaviləsi bağlanaraq, onların gələcəkdə daimi işçi kimi fəaliyyət göstərməsinə imkan yaradıla bilər.
Beləliklə, klassik ‘‘CV → müsahibə → işə qəbul → sıfırdan təlim”‘‘ modeli ‘‘universitet → real layihə → praktika → portfolio → şirkətin qiymətləndirməsi → əmək müqaviləsi → daimi iş” modelinə çevrilə bilər”.
Müsahibimizin sözlərinə görə, bu yanaşmanın digər mühüm üstünlüyü kadr hazırlığının əmək bazarının real tələbatına uyğunlaşdırılmasıdır:
“Şirkətlərin ehtiyac duyduğu kritik və perspektivli ixtisaslar əvvəlcədən müəyyənləşdirilərək həmin istiqamətlər üzrə tələbə hazırlığı və qəbul planlaması həyata keçirilə bilər. Beləliklə, əmək bazarında tələbatı aşağı olan ixtisaslar üzrə kadr artıqlığının qarşısı alınar, tələb olunan sahələr üzrə isə kifayət qədər mütəxəssis yetişdirilər. Bu da uzunmüddətli perspektivdə məzunlar arasında işsizliyin azalmasına və insan kapitalından daha səmərəli istifadəyə şərait yarada bilər.
Nəticədə bu model həm məzunların əmək bazarına keçidini asanlaşdırar, həm şirkətlərin kadr hazırlığı və adaptasiyası ilə bağlı xərclərini optimallaşdırar, həm də universitetlərin əmək bazarının real ehtiyaclarına uyğun insan kapitalı formalaşdırmasına imkan verər.
Artıq universitet–əmək bazarı əlaqəsini sadəcə əməkdaşlıq kimi deyil, milli insan kapitalının strateji inkişaf mexanizmi kimi qurmağın vaxtıdır: bu gün tələbəyə verilən real praktiki təcrübə sabahın rəqabətqabiliyyətli mütəxəssisini, innovativ şirkətini və dayanıqlı iqtisadiyyatını formalaşdıra bilər”.




