İşğaldan azad olunmuş ərazilərin bərpasında DP məzunlarının rolu böyük olacaq – Qədir Xəlilov

15 Aprel, 2026 - 11:23
İşğaldan azad olunmuş ərazilərin bərpasında DP məzunlarının rolu böyük olacaq

“Dövlət Proqramı gənclərin bilik və bacarıqlarının inkişafına yönəlib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na sənəd qəbulu ilə bağlı jurnalistlərə açıqlamasında Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov deyib.

O qeyd edib ki, gənclərin əldə edəcəyi bilik və bacarıqlar ölkənin gələcək inkişafı üçün mühüm zəmin formalaşdıracaq: “Hazırda dünya dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsallaşma mərhələsini yaşayır. Bu baxımdan gənclərimizin məhz bu sahələrdə qazandıqları bilik və bacarıqlar Azərbaycanın gələcəkdə dünya miqyasında öz sözünü deməsinə böyük töhfə verəcək”.

Q.Xəlilov vurğulayıb ki, bu proses "Azərbaycan 2030" strategiyası çərçivəsində müəyyən edilmiş prioritetlərlə də üst-üstə düşür. Onun sözlərinə görə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində bu proqramın məzunlarının rolu böyük olacaq. Həm hazırkı, həm də gələcək məzunların bu proseslərdə fəal iştirakı gözlənilir və bu, Dövlət Proqramının əsas hədəflərindən biridir.

O əlavə edib ki, proqram ölkə rəhbərliyi tərəfindən irəli sürülən neft kapitalının insan kapitalına çevrilməsi siyasətinə mühüm töhfə verən amillərdən biri kimi çıxış edir.