İSİM rəsmisi valideynlərə çağırış etdi 

17 Fevral, 2026 - 11:36
İSİM rəsmisi valideynlərə çağırış etdi 

“Sağlam vərdişlər yalnız şagirdlər üçün deyil, müəllimlər üçün də vacibdir. Çünki həkim yalnız bir dəfə dəstək göstərə bilər, amma davamlı tədbirlər sizdən asılıdır. Bu məqsədlə Səhiyyə Nazirliyinin tapşırığı ilə “Uşaq Sağlamlıq Portalı” yaradılıb. Portal uşaq, valideyn və müəllimlər üçün nəzərdə tutulub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Səbinə Babazadə “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbirində səsləndirib.

Direktor bildirib ki, portal vasitəsilə uşaqlar düzgün və etibarlı məlumatları Azərbaycan dilində əldə edə, müəllimlər tədris zamanı lazım olan məlumatları istifadə edə, valideynlər isə övladlarının sağlamlığına nəzarət edə bilərlər: “Biz mütləq sağlamlığımıza uşaqlıqdan diqqət yetirməliyik. Adətən məktəb yaşlarında valideynlərimiz bizə deyirlər ki, düzgün qidalanın, səhər tezdən yemək yeyin və vaxtında yuxudan qalxın. Bu tövsiyələr zamanla vərdişə çevrilməlidir. Biz sağlam qidalanmalı, qida seçərkən məhsulların etiketini oxumalı və tərkibini yoxlamalıyıq. Uşaqlara həmişə öyrətməliyik ki, zərərli vərdişlərdən uzaq olsunlar. 

Bəzən uşaqlarda elə vərdişlər yaranır ki, valideyn vaxtında diqqət yetirmir və bu sağlamlıq problemlərinə səbəb ola bilər. Portal vasitəsilə məktəblər üçün faydalı resurslar təmin olunub. Portalda sağlam qidalanma, tütün və narkotikdən qorunma, ürək sağlamlığı, şəkərli diabet və digər mövzular üzrə 20-dən çox maarifləndirici material var. Bu resursları artıq telefondan yükləmək mümkündür. Azərbaycan dilində adaptasiya olunmuş bu məlumatlar məktəblilər üçün çox əlverişlidir.

Sağlamlıq vərdişlərindən biri də ilkin tibbi yardım bilikləridir. Məktəblilər ilk yardım təlimlərini keçməli və həm məktəbdə, həm də gündəlik həyatda tətbiq etməyi bacarmalıdırlar”, – deyə o söyləyib.