Jalə Əliyeva – Müzakirələr emosional deyil, təhsil müstəvisində aparılmalıdır
“Məktəblərdə məktəbli forması və şagirdlərin xarici görünüşü ilə bağlı müəyyən edilmiş tələblərin yalnız bir məsələ - hicabla əlaqələndirilməsi, əslində, qaydaların ümumi mahiyyətinin yanlış təqdim olunmasına səbəb olur. Burada əsas məqsəd hər hansı dini və ya dünyagörüşü məsələsini müzakirə etmək deyil, bütün şagirdlər üçün məktəb mühitində vahid, səliqəli və təhsil prosesinə uyğun görünüş standartının formalaşdırılmasıdır”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, məktəbli formasının tətbiqi beynəlxalq təcrübədə də mövcuddur və bu tələbin mahiyyəti valideynlərə düzgün izah edilməlidir:
“Məktəbli formasının beynəlxalq təcrübədə də geniş tətbiq olunduğunu nəzərə almaq lazımdır. Dünyanın müxtəlif ölkələrində məktəbli forması təhsil müəssisəsinin nizam-intizamının və vahid məktəb mühitinin bir hissəsi kimi qəbul edilir. Buna görə də bu tələbi qeyri-adi və ya konkret bir qrupa yönəlmiş məhdudiyyət kimi təqdim etmək düzgün deyil. Valideynlərə izah olunmalıdır ki, məktəbli forması bütün şagirdlərə eyni qaydada tətbiq edilən ümumi tələblər sisteminin tərkib hissəsidir”.
“Məktəbli forması ilə bağlı qaydalar təbliğat predmetinə çevrilməməlidir”
Deputat qeyd edib ki, məktəbli forması ilə bağlı müzakirələrdə məsələnin mahiyyətindən uzaqlaşmaq və onu fərqli istiqamətdə təqdim etmək yanlış təsəvvürlərə səbəb ola bilər:
“Təəssüf ki, bəzi hallarda məsələnin mahiyyəti kənara qoyularaq məktəbli forması ilə bağlı qaydalar müəyyən bir mövzu üzərindən təbliğat predmetinə çevrilir. Bu isə valideynlər arasında yanlış təsəvvürlərin yaranmasına və ictimai müzakirənin əsl mahiyyətindən uzaqlaşmasına gətirib çıxara bilər. Halbuki söhbət məktəbin daxili nizamı, şagirdlərin xarici görünüşü, geyim standartları və təhsil mühitində ümumi qaydalara əməl edilməsindən gedir. Məsələyə emosional deyil, ilk növbədə təhsil və nizam-intizam müstəvisindən yanaşmaq doğrudur. Müəyyən edilmiş qaydalar bütün şagirdlər üçün eyni şəkildə tətbiq olunursa, bunu ayrı-ayrı məsələlərlə əlaqələndirməkdənsə, həmin tələblərin mahiyyətini düzgün anlamaq və uşaqlara da izah etmək daha məqsədəuyğundur. Məktəb də öz növbəsində qaydaları valideynlərə aydın, şəffaf və düzgün şəkildə izah etməli, yanlış anlaşılmaların qarşısını almalıdır”.
“Vahid məktəb geyiminin tətbiqi yalnız geyim məsələsi kimi qiymətləndirilməməlidir”
J.Əliyeva bildirib ki, vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin azaldılmasına, bərabərliyin və sağlam təhsil mühitinin formalaşdırılmasına xidmət edir:
“Bu kontekstdə ümumi təhsil müəssisələrində vahid məktəb geyiminin tətbiqi yalnız geyim məsələsi kimi qiymətləndirilməməlidir. Məktəb geyimi ilk növbədə təhsil mühitində nizam-intizamı, səliqəni, məktəb mədəniyyətini və şagirdlər arasında bərabərlik prinsipini gücləndirən vasitələrdən biridir. Şagirdin məktəbə hansı marka geyimlə, hansı qiymətə alınmış paltarla gəlməsi deyil, onun biliyi, davranışı, istedadı və məktəb həyatında fəallığı ön plana çıxmalıdır. Vahid geyim sosial fərqlərin təhsil mühitində daha az nəzərə çarpmasına imkan yaradır. Maddi imkanları müxtəlif olan ailələrin uşaqlarının eyni məktəb formasında olması uşaqlar arasında müqayisə, nümayiş və sosial təzyiq hallarının azalmasına xidmət edə bilər. Bu baxımdan vahid məktəb geyimi həm də sosial ədalət və bərabər imkanlar anlayışının gündəlik məktəb həyatında görünən ifadəsidir”.
“Təhsil gənc nəslin dünyagörüşünün formalaşdığı mühüm ictimai institutdur”
Komitə sədrinin müavini müasir dövrdə gənclərin müxtəlif ideoloji təsirlərdən qorunmasında təhsilin və vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini də vurğulayıb:
“Müasir dövrdə təhsil yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, həm də gənc nəslin dünyagörüşünün, milli-mənəvi dəyərlərinin, vətəndaşlıq mövqeyinin və cəmiyyətə münasibətinin formalaşdığı mühüm ictimai institutdur. Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji təhlükəsizliyin əhəmiyyətini xüsusi vurğulaması da məhz bu baxımdan mühüm mesajdır. Dövlət başçısının qeyd etdiyi kimi, ideoloji risklər sərhəd tanımır və xüsusilə internet, sosial media, kiberhücumlar və süni intellekt dövründə cəmiyyətin bu təsirlərdən qorunmasında təhsil və vətənpərvərlik mühüm rol oynayır. Xüsusilə dünyada müxtəlif ideoloji təsirlərin, sosial media trendlərinin və yad həyat tərzlərinin uşaqların və yeniyetmələrin dünyagörüşünə sürətlə təsir etdiyi bir dövrdə məktəbin öz dəyərlər sistemi və daxili mədəniyyəti daha böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ideoloji təhlükələrə qarşı ən mühüm müdafiə vasitələrindən biri savadlı, bilikli və vətənpərvər nəsil yetişdirməkdir”.
J.Əliyeva məktəbli formasının şagirdlərin fərdiliyini məhdudlaşdırmadığını, əksinə, onların məktəbə mənsubluq və kollektiv məsuliyyət hissinin inkişafına töhfə verdiyini qeyd edib:
“Forma uşağın fərdiliyini və şəxsiyyətini aradan qaldırmır; əksinə, məktəbin ümumi nizamına və kollektiv mədəniyyətinə aidiyyət hissini möhkəmləndirir. Məktəbə məxsusluq, məsuliyyət, intizam, səliqə və kollektiv davranış vərdişlərinin formalaşması da təhsilin tərkib hissəsidir. Burada mühüm məqam ondan ibarətdir ki, vahid məktəb geyimi dini və ya hər hansı digər ideoloji simvolun təhsil mühitində ön plana çıxarılmasını deyil, dünyəvi, dünyagörüşünə açıq və bütün şagirdlər üçün bərabər məktəb mühitinin qorunmasını təmin etməlidir. Azərbaycan məktəbi milli dövlətçilik, dünyəvilik, elm, təhsil və vətənpərvərlik prinsipləri üzərində qurulan bir məktəbdir. Bu prinsiplərin qorunması uşaqların gələcəkdə müstəqil düşünən, savadlı və dövlətinə bağlı vətəndaş kimi yetişməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məsələ isə formanın özündən daha böyükdür: məqsəd savadlı, milli düşüncəyə malik, dünyəvi dəyərləri mənimsəmiş, yad ideoloji təsirlərə qarşı immuniteti güclü və Vətəninə bağlı gənc nəsil yetişdirməkdir”.




