Kənan Bağırov: Alternativ enerji ixtisasları üzrə 2 qrupda tələbə qəbulu aparılacaq
Alternativ enerji üzrə ixtisasların Nazirlər Kabineti tərəfindən 2024-cü ildə ixtisas qrupuna əlavə edilməsi uğurlu nümunədir.
"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov Bakıda keçirilən "Azərbaycanın yaşıl enerji keçidində qadınların iştirakı üçün maneələr və imkanlar" mövzusunda tədbirdə deyib.
O qeyd edib ki, bu sahə üzrə yüksək peşə-ixtisas təhsili alan gənclər artıq bir neçə il sonra əmək bazarına çıxacaqlar:
"İlk ildə bu ixtisaslara qızların qəbulu aparılmamışdı. Amma 2025-ci ildə bu sahədə xanımlar da təmsil olunmağa başladı. Onların həmin il iştirakçılığı 5 faizə çatmışdı".
K.Bağırov söyləyib ki, Mərkəz 2020-ci ildə fəaliyyətə başlayıb və ötən 5 ildə qadınların bu sahədə iştirakçılığı 22 faizə çatıb:
"Sənaye, energetika kimi sahələrdə qızların iştirakçılığının artması sevindiricidir. Qeyd etmək istəyirəm ki, 2025-ci ildə Mərkəzin məzunlarının 70 faizinin məşğulluğu təmin edilib. Bu il alternativ enerji ixtisasları üzrə 2 qrupda tələbə qəbulu planlaşdırılır".



