Kənan Mirzəyev: Əl əməyinə əsaslanan peşələrə tələbat artıb
“2026-cı ilin noyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək növbəti yarışlarda Azərbaycan 7 peşə ixtisası üzrə yarışacaq”.
Bunu “Azərbaycan müəllimi”nə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev deyib.
Onun sözlərinə görə, hər ixtisas üzrə seçim turu olub, təlimlər keçirilib: “Bu gün keçirilən final yarışının nəticələri əsasında ölkə təmsilçisi müəyyən ediləcək. Peşə Təhsili üzrə Dövlət Agentliyi olaraq bu yarışlara qatılmaq bizə imkan verir ki, əmək bazarında yeni formalaşan peşə bacarıqlarını müəyyənləşdirək və həmin peşə ixtisasları üzrə tədrisi həyata keçirək”.
Agentlik rəsmisinin sözlərinə görə, son illər süni intellektin əmək bazarına təsiri nəticəsində bəzi yüksək ixtisaslı sahələrdə işin məzmunu dəyişir, əl əməyinə əsaslanan peşələrə tələbat artıb. Bunun nəticəsidir ki, peşə təhsilinə maraq artıb: “Məqsədimiz yeni ixtisasların vaxtında müəyyən olunması və həmin ixtisaslar üzrə müasir əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında tədrisini həyata keçirməkdir. “World Skills” kimi yarışların təşkili ölkəmizdə peşə təhsilinin inkişafına öz töhfəsini verəcək”.
Qeyd edək ki, Azərbaycan “World Skills” yarışlarına 2022-ci ildən qatılır. “World Skills” dünyada peşə bacarıqlarını müəyyən və təbliğ edən beynəlxalq platformadır.



