Kənar dini-ideoloji təsirlərdən qorunmaq üçün sistemli maarifləndirmə vacibdir – Hikmət Əlizadə
“Xarici mərkəzlərin sosial şəbəkələr vasitəsilə hicab və digər dini mövzuları qabardaraq təhsilin dünyəvi xarakterinə qarşı ideoloji təbliğat aparması milli təhlükəsizliyə, cəmiyyətin dünyəvi dəyərlərinə və gənclərin azad inkişafına birbaşa təhdid kimi qiymətləndirilməlidir”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına əsasən, təhsil dünyəvi xarakter daşıyır və dövlətin dindən ayrılığı prinsipi əsas götürülür:
“Bu cür xarici manipulyasiyalar daxili sabitliyi pozmağa, cəmiyyətdə qütbləşmə yaratmağa və gənc nəsli yolundan döndərməyə yönəldilmiş addımlardır. Şagirdlərin və gənclərin bu cür kənar dini-ideoloji təsirlərdən qorunması üçün sistemli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. Təhsil müəssisələrində gənclərə sosial şəbəkələrdə qarşılaşdıqları məlumatları tənqidi təhlil etmək, gizli ideoloji mesajları tanımaq və yalan xəbərləri ayırd etmək bacarıqları aşılanmalıdır”.
H.Əlizadə qeyd edib ki, məktəb və universitetlərdə Azərbaycanın dünyəvi dövlət modelinin üstünlükləri, multikulturalizm və tolerantlıq ənənələri daha dərindən tədris olunmalıdır:
“Gənclərə dinin mənəvi dəyər olduğu, lakin onun siyasi və ideoloji alətə çevrilməsinin fəsadları izah edilməlidir. Onların enerjisini və diqqətini elmə, texnologiyaya, STEAM layihələrinə, idmana, incəsənətə və startaplara yönəltmək lazımdır. Eyni zamanda virtual məkanda milli və dünyəvi dəyərləri müasir dildə təbliğ edən maraqlı rəqəmsal platformaların sayı artırılmalıdır”.
İctimai Şura sədri valideynlərin maarifləndirilməsini də vacib hesab edib. Onun fikrincə, valideynlərin övladlarının internet fəaliyyətinə nəzarət etmələri və onları radikal dini qrupların təsirindən qorumaları üçün psixoloji və pedaqoji dəstək mexanizmləri qurulmalıdır.
H.Əlizadə eyni zamanda məktəblərdə müəllim və şagirdlərin geyiminə dair tələblərə də münasibət bildirib. Onun sözlərinə görə, məktəblərdə həm müəllimlərin, həm də şagirdlərin geyimi aktual pedaqoji məsələlərdən biridir və vahid geyim forması təhsilin keyfiyyətinə təsir edən amillər sırasında yer alır:
“Həm müəllimin, həm də şagirdin geyimi onların daxili intizamına və öz funksiyalarını yerinə yetirməsinə təsir edir. Vahid geyim forması, ilk növbədə, şagirdlər arasında maddi və sosial-iqtisadi fərqlərin aradan qaldırılmasına istiqamətlənib. Məktəblərdə müxtəlif maddi imkanlara malik ailələrin övladları təhsil alırlar. Sərbəst geyim zamanı maddi imkanları yüksək olan ailələrin övladları bahalı geyimlərlə fərqlənə bilirlər. Vahid məktəbli forması tətbiq edildikdə isə bütün şagirdlər eyni geyimdə olduqlarından onların ailələrinin maddi vəziyyəti ilk baxışdan nəzərə çarpmır”.
Sədrin fikrincə, vahid geyim formasının tətbiqi şagirdlərin psixoloji rahatlığı baxımından da əhəmiyyətlidir:
“Uşaqlar, xüsusilə yeniyetmələr xarici görünüşə qarşı çox həssas olurlar. Dəbdən geri qalan və ya köhnə geyimli şagirdlər yaşıdları tərəfindən kənarlaşdırıla bilərlər. Vahid forma bu riski minimuma endirir, geyimə görə qruplaşma, bir-birini lağa qoyma və ya alçaltma hallarının azalmasına kömək edir. Maddi imkanı zəif olan ailələrin övladları özlərini digərlərindən əskik və ya təcrid olunmuş hiss etmirlər. Bu da onların diqqətlərini dərslərinə daha yaxşı yönəltməsinə şərait yaradır”.
H.Əlizadə bildirib ki, vahid forma şagirdlərin diqqətini tədris prosesinə yönəltməklə yanaşı, onlarda məktəb kollektivinə aidlik, intizam və məsuliyyət hissini də gücləndirir:
“Şagird geyindiyi formanın təsiri ilə harada olduğunu, rəsmi təhsil müəssisəsində təhsil aldığını dərk edir. Vahid forma sadəcə geyim deyil, həm də müəyyən kollektivin, rəsmi qurumun üzvü olmağın rəmzidir. Məktəbin loqosunu və ya rənglərini daşımaq uşaqlarda həmin mühitə bağlılıq, təhsil müəssisəsinə qarşı qürur hissi və komanda ruhu formalaşdırır. Psixoloji araşdırmalar da göstərir ki, “bu gün nə geyinim?” qayğısı olmadıqda şagirdlər dərslərə və akademik nailiyyətlərə daha rahat fokuslanırlar”.
İctimai Şura sədrinin sözlərinə görə, müəllimlərin geyimi də məktəbdə peşəkar mühitin formalaşmasında mühüm rol oynayır:
“Müəllim şagird üçün təkcə bilik mənbəyi deyil, həm də davranış və xarici görünüş baxımından nümunədir. İşgüzar geyim müəllimin peşəkar nüfuzunun, eləcə də şagirdlər qarşısındakı nüfuzunun artmasına kömək edir. Müəllimlərin ciddi və klassik üsluba üstünlük verməsi məktəbdə rəsmi, ciddi və akademik atmosfer yaradır. Bu da tədris prosesinin keyfiyyətinə birbaşa təsir edir. İşgüzar geyim tərzi müəllimin öz peşəsinə, rəhbərliyə, valideynlərə və ən əsası, şagirdlərə hörmətinin göstəricisidir”.
H.Əlizadə hesab edir ki, müəllim və şagirdlərin geyiminə dair tələblər təhsil müəssisələrini nizamsız görünüşdən uzaqlaşdıraraq daha mütəşəkkil, bərabərhüquqlu və işgüzar təhsil mühitinin formalaşmasına xidmət edir.




