Kənd məktəbinin 300 bal toplayan şagirdi : “Repetitorsuz hazırlaşmışam” 

23 Aprel, 2026 - 20:48
Kənd məktəbinin 300 bal toplayan şagirdi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızı da maksimum 300 bal toplayanlar sırasındadır. 

"Azərbaycan müəllimi" nümunəvi məktəblinin uğur hekayəsini təqdim edir.

Qusar rayonu Yuxarı Zeyxur kənd orta məktəbinin XI sini şagirdi Emiliya Qayıbova qeyd edir ki, uğurunun əsas səbəbi öz üzərində çox çalışmağı olub: "Mən öz məktəbimdə müəllimlərimin tədrisi ilə hazırlaşmışam, əlavə repetitor yanına getməmişəm. Məktəbimizdə kifayət qədər gözəl təhsil verildiyi üçün uğurum müəllimlərimin və zəhmətimin nəticəsidir. Aşağı siniflərdən yaxşı bünövrə qoyduğum üçün imtahanda mənə çətin olmadı". 

Emiliya IX sinif buraxılış imtahanında 297 bal toplayıb. "Bir sualda səhvim olduğu üçün IX sinifdə 300 bal toplaya bilməmişdim. Çox sevinirəm ki, indi arzumu həyata keçirə bildim. Cavablar açıqlanmamışdan yüksək nəticə gözləyirdim. Sadəcə şübhə etdiyim açıq tipli suallar var idi. 300 bal topladığımı böyük bir sevinc hissi ilə qarşıladım. Yanımda valideynlərim var idi, onlarda olduqca sevindilər". 

Emiliya bu il riyaziyyat fənni üzrə RFO-nun final mərhələsində iştirak edib. Riyaziyyat fənni üzrə nəticələr hələ açıqlanmadığı üçün nəticəni bilməsə də, medal qazanacağına böyük ümid bəsləyir: "Sevdiyim fənlər arasında ən başda riyaziyyat durur. RFO-ya hazırlıqda riyaziyyat müəllimim Elşən Kərimovun böyük zəhməti var. Texniki fənlərə yönümlüyəm, fizika, informatika kimi fənlərə xüsusi maraq göstərirəm. I ixtisas qrupu üzrə "Kompüter elmləri" ixtisasına hazırlaşıram. Ali məktəb seçimim hələ dəqiq yoxdur, yaxın gələcəkdə seçim edəcəm. Gələcəkdə proqramçı olaraq yaxşı mütəxəssis olmağı arzu edirəm, bu sahə üzrə uğur qazanmağı hədəfləmişəm".

Uğurlu şagird abituriyentlərə öz üzərlərində səylə çalışmağı, uğur qazanacaqlarına inanmalarını məsləhət görür: "Bütün uğurların səbəbi çox çalışmaqdan gəlir".