"Gecə dərs oxuduğum üçün danlanırdım" - Kənd məktəbinin region birincisi
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri arasında buraxılış imtahanında ən yüksək nəticə göstərənlərdən biri də Yusifli Ayxan Elxan oğlu olub.
"Azərbaycan müəllimi" əlaçı məktəbli ilə yaxından tanış olub.
Ayxan Yusifli Xaçmaz rayon Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta ümumtəhsil məktəbinin XI sinfində oxuyur. Martın 9-da keçirilən buraxılış imtahanında 295,4 bal toplayan şagird vurğulayır ki, birinci sinifdən əlaçıdır. IX sinfi fərqlənmə attestatı ilə bitirib: "Ən çox riyaziyyat və fizika fənlərini sevirəm. Amma tədris olunan bütün fənlərə ciddi yanşmışam. Bilirəm ki, gələcəkdə bütün fənlər üzrə məlumatlar haradasa mənə faydalı olacaq. Daim fənn müsabiqələrində və RFO-da iştirak etmişəm. 7-ci sinifdə oxuyanda RFM-də fizika üzrə qızıl medal qazanmışam. Bu, təhsildə qazandığım ilk böyük uğur idi. 9-cu sinifdə yenə də fizika fənni üzrə RFO-nun finalçısı olmuşam. Elə həmin il buraxılış imtahanlarında 297 bal toplayaraq region birincisi adını əldə etmişəm. 2025-ci ildə seçim mərhələsindən uğurla keçərək İctimai Televiziyada yayımlanan “Əlaçı” verilişinə qatılmışam. Ümumiyyətlə, məktəb və rayon komandasının kapitanı kimi bir çox intellektual yarışlarda iştirak etmişəm".
Uğurlu şagirdin fikrincə, yüksək nəticə əldə etməyin sirri sistemli çalışmaqdadır: "Dərslərdən əlavə hər gün əvvəlcədən özüm üçün müəyyənləşdirdiyim proqram üzrə test tapşırıqları edirdim. Çox oxuyurdum. Mənim xüsusilə gecə saatlarda dərs çalışmaqdan xoşum gəlir. Adətən valideynlər uşaqlarını dərslərinə az vaxt ayırdığına görə danlayır. Bizdə isə bu əksinə olub. Mən həmişə gecə saatlarınadək dərs çalışdığıma görə danlanmışam. Valideynlərim yuxu rejiminə əməl etməyəndə sağlamlığıma görə narahat olublar. Hətta bəzi hallarda atam eynəklərimi ya da kitablarımı gizlədib ki, gecə saatlarında dərs oxumayım. Valideynlərim tədrisimə xüsusi diqqətlə yanaşıb. Anam məktəbimizdə fizika fənnini tədris edir. Məndən bir yaş balaca qardaşım da dərslərini yaxşı oxuyur. O da informatika üzrə fənn müsabiqəsində gümüş medal qazanıb".

Ayxan bildirir ki, hər zaman maksimum nəticəyə köklənib: "İmtahanda cavabını bilmədiyim sual yox idi. Amma bəzi tapşırıqlara gözlədiyimdən çox zaman ayırmalı oldum. Sonda vaxt azlığından tələsməli idim. Bu səbəbdən iki sualın cavabında xətaya yol verdim. Təsəvvür edin ki, riyaziyyatdan misalı doğru yolla həll etdim. Amma üçbucağın sahəsini tapmaq üçün katetlərin hasilini ikiyə bölməyi unutdum. Cavabım natamam oldu. Azərbaycan dilindən isə qapalı sualda texniki səhv etmişəm. Buna görə də maksimum 300-baldan cəmi 4,6 bal az toplamışam. Ümumilikdə imtahan nəticəsindən razıyam. Açıq suallardan narahat idim. Amma ekspertlər tərəfindən qiyətləndirmə çox ədalətli olub. Blok imtahanında da yüksək bal toplamağa çalışacam. Bakı Ali Neft Məktəbində "İnformasiya təhlükəsizliyi" və ya "Kompüter elmləri" ixtisasları üzrə təhsil almaq istəyirəm. İngilis dilini daha mükəmməl öyrənməyə çalışıram. Gələcək planlarda xaricdə təhsil də var. Qarşıma qoyduğum ən əsas məqsəd valideynlərim üçün xeyirli övlad, ölkəmiz üçün faydalı mütəxəssis olmaqdır".
Məktəbli onu da qeyd edir ki, 11 yaşından öz "YouTube" kanalını açıb və hazırda 23 minə yaxın izləyicisi var. Bu kanalda təhsillə bağlı öyrədici və maarifləndirici videolar paylaşır: "Yüksək nəticə əldə etək istəyən şagirdlərə tövsiyəm odur ki, öyrədilənlərlə kifayətlənməsinlər. Araşdırmağa meyilli olsunlar, mövzuları müxtəlif mənbələrdən öyrənsinlər".



