Kərəm Mansurov “Maarifçi”lərlə görüşdü: gənclərə karyera tövsiyələri
IV “Maarifçi” tələbə-məzun proqramında bilik və məlumatlarla, maraqlı görüşlərlə zəngin təcrübə həyatı davam edir. Gənclərin təhsil sistemində keçirdiyi vaxtın səmərəliliyini artıran daha bir görüş baş tutub.
IV“Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurovla görüşüblər. Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov da iştirak edib.
Fərzəli Qədirov: “Maarifçi” proqramının iştirakçıları da öz fəaliyyətləri ilə seçiləcəklər”
Fərzəli Qədirov IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçılarının seçim prosesinə diqqət çəkərək məlumat verib ki, minlərlə gənc arasından seçilən 53 “Maarifçi” ölkə təhsil sistemində, o cümlədən Naxçıvanda təcrübə keçir. Bu dövrün gənclərin karyerasında iz qoyacağını deyən Fərzəlı Qədirov “Maarifçi” proqramının iştirakçılarının gələcək fəaliyyətləri ilə fərqlənəcəklərini vurğulayıb: “Maarif işığını yayanlar maarifçilərdir. Onların hər zaman nüfuzu olub. “Maarifçi” proqramının iştirakçıları da öz fəaliyyətləri ilə seçiləcəklər”.
Kərəm Mansurov: “Maarifçi” təqdirəlayiq proqramdır
“Maarifçi” tələbə-məzun proqramı ilə tanış oldum və həqiqətən böyük işlər görülüb”, - deyən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov proqram iştirakçılarının gələcəyinin parlaq olduğunu vurğulayıb: ““Maarifçi” təqdirəlayiq proqramdır. Əminəm ki, “Maarifçi” olaraq öz töhfənizi verəcəksiniz”.
Məhkəmə hüquq sistemindən danışan Kərəm Mansurov gənclərə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, məhkəmə sistemi və aparılan islahatlar, yeni texnologiya, elektron məhkəmə sistemi, süni intellektin elektron məhkəmə sisteminə tətbiqi və digər istiqamətlər üzrə ətraflı məlumat verib. Hazırda davam edən rəqəmsallaşma prosesinin nəticələrinə diqqət çəkərək, bunun şəffaflığın təmin edilmsində böyük rolu olacağını qeyd edib. O, bu prosesin gələcəkdə səbəb olacağı yeniliklərə diqqət çəkib. Süni intellektə inteqrasiya prosesindən danışarkən sürətlə inkişaf edən texnologiyadan istifadə bacarıqlarının əhəmiyyətini qeyd edib.
“Hüquqşünaslıq” ixtisasının hər dövrdə məşhur olduğunu vurğulayan K.Mansurov öz təcrübəsinə əsaslanaraq bacarıqlı hüquqşünas olmaq istəyənlərə tövsiyələrini də verib: ““Bilmirəm” sözü karyera yüksəlişinə mane olur. Ona görə də bir çox bacarıqlar qazanmağa çalışın. Lazım olan vaxtda, lazım olan yerdə müəyyən bacarıqlar karyera yüksəlişinə səbəb olur”.
“Verdikləri suallar, onların baxışı, yanaşması tam fərqlidir”
Görüşdən sonra “Azərbaycan müəllimi”nə açıqlama verən Kərəm Mansurov “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşü faydalı hesab edib: “Gənc “Maarifçi”lərin diqqətinə çatdırdım ki, məhkəmə və həmçinin dövlət idarəçiliyində uğur qazanmaq istəyirlərsə, bu istiqamətdə bilik və bacarıqlarla yanaşı, etik davranış, yeni düşüncə, rəqəmsal bacarıqlar, yeni texnologiyadan düzgün istifadə, ictimai etimad məsələləri xüsusilə əhəmiyyətlidir”.
O, görüşdə məhkəmə və dövlət idarəçiliyi sahəsində məlumat əldə edən “Maarifçi”lərin gələcəkdə uğur qazanacaqlarına əminliyini bildirib: “Əminəm ki, görüşdə iştirak edən gənclər əldə etdikləri bilik, bacarıq və baxışlarını dövlətin inkişafına töhfə verməyə yönəldəcəklər”.
Kərəm Mansurov ona ünvanlanan ən maraqlı sualdan da danışıb: “Gənclərdən biri karyera yüksəlişi üçün nələrə əməl etməli olduqlarını soruşdu. Fikrimi onlara da dedim və hesab edirəm ki, ixtisasları ilə yanaşı, rəqəmsallaşma, yeni texnologiyadan düzgün istifadə etməyi bacarmalıdırlar. Onların etik davranışı, idarəetmə mədəniyyəti yerində olmalıdır”.
IV “Maarifçi” proqramının iştirakçıları görüş barədə
IV “Maarifçi” proqramının iştirakçısı Gülayə Məmmədova deyir ki, hüquqşünas olduğundan görüş onun üçün xüsusilə maraqlı olub: “Əvvəldən suallarım vardı, amma görüş zamanı aldığım məlumatlardan sonra suallarımın istiqamətini dəyişdirdim. Aparat rəhbərindən hakim dəfələrlə yanlış qərar verirsə, yuxarı instansiya məhkəmələrinin mütəmadi olaraq qərarlarını dəyişdirdiyi həmin hakimlə bağlı hansı tədbirlər görülə biləcəyini soruşdum. Ətraflı cavab aldım. İxtisasıma, maraq sahəmə yaxın olduğu üçün görüş mənə maraqlı təsir bağışladı. Azərbaycanın ən yuxarı instansiya məhkəməsində - Ali Məhkəmədə oldum. Mənim üçün yaddaqalan görüş oldu”.
Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə magistrantı olan Gülayə deyir ki, ixtisası üzrə hələ tələbəliyindən başlayaraq təcrübə keçib: “Məhkəmə sistemində, özəl müəssisədə hüquqşünas kimi təcrübə keçmişəm. “Maarifçi” mənim üçün bir şans idi ki, mərkəzi icra hakimiyyəti orqanında da hüquqşünas kimi təcrübə keçim. Təcrübənin ikinci ayındayam. Təhsil sahəsinin hüquqi aspektləri çox maraqlıdır, çoxşaxəli işlər var. Maraqlı problemlərlə üzləşir, onların hüquqi həlli ilə məşğul oluruq. Dövlət idarəçiliyi, hüquqşünas kimi mərkəzi icra hakimiyyəti orqanında hüquqşünas kimi təcrübə keçmək fərqli və maraqlı təcrübədir”.
Ləman Mustafazadənin görüşlə bağlı müsbət təəssüratlarının formalaşmasına ən çox təsir edən məqam görüşün çox sistemli və strukturlu, eyni zamanda axıcı şəkildə hazırlanmış məzmunu olub: “Bu yanaşma ixtisas sahəsi hüquq olmayan iştirakçıların belə görüşdən səmərəli şəkildə faydalanmasına imkan yaratdı”.
Ləman deyir görüşdən kifayət qədər informasiya və müsbət töhfələrlə ayrılan iştirakçılardan biri də məhz o olub:
“Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunda maliyyə şöbəsində təcrübə keçirəm. Öz ixtisasımla hüququn kəsişən məqamlarına əsaslanan suallarımı ünvanladım. Ətraflı və informativ cavab, xüsusilə məhkəmə sistemi ilə maliyyə sahəsində effektivlik və hesabatlılıq prinsipləri arasındakı əlaqənin izahı olduqca açıqlayıcı idi”.
Gələcəkdə məhz dövlət qurumlarında ixtisaslaşmaq istəyən biri kimi də görüşü qiymətləndirən Ləman deyib: “Mənim üçün çox dolğun və dəyərli bir təcrübə oldu. Öz gələcək fəaliyyətimə uyğun mühüm nümunələr və yeni baxışlar qazandım.Bu təşəbbüsün həyata keçirilməsinə görə xüsusi minnətdarlığımı bildirirəm”.
“Maarifçi” tələbə-məzun proqramının işçi qrupunun katibi Tünzalə Vəliyeva “Azərbaycan müəllimi”nə bildirib ki, proqram çərçivəsində mütəmadi görüşlər təşkil edilir: “Həm Elm və Təhsil Nazirliyində rəhbər şəxslərlə görüşlər, həm də digər dövlət qurumlarının fəaliyyəri ilə tanışlıq üçün səfərlər təşkil olunur. Ötən həftələrdə elm və təhsil naziri Emin Əmrullayevlə, xarici işlər nazirinin müavini Yalçın Rafiyevlə görüş keçirildi. Son olaraq Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbəri Kərəm Mansurov “Maarifçi”ləri qəbul etdi. Düşünürəm ki, görüş çərçivəsində iştirakçılara məhkəmə sistemi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən işlərlə bağlı iki saat ərzində geniş məlumat verildi. Görüş iştirakçılar üçün həm dövlət idarəetmə sisteminin müxtəlif istiqamətləri ilə tanışlıq, həm də müasir məhkəmə sistemi və onun rəqəmsallaşması barədə praktiki biliklərin əldə edilməsi baxımından faydalı oldu.”.
T.Vəliyeva belə görüşlərin davam edəcəyini də bildirib: “Dövlət qurumlarına səfərlərimiz və rəhbər şəxslərin təcrübəsinin öyrənilməsi prosesi qarşıdakı iki ay ərzində də davam etdiriləcək. Eyni zamanda, həm xüsusi dövlət qulluğu orqanlarına, həm də dövlət qulluğu orqanlarına səfərlərin və görüşlərin keçirilməsi nəzərdə tutulur. Ümumilikdə, proqram çərçivəsində iştirakçılara dövlət idarəetmə sisteminin fəaliyyəti, dövlət qurumlarının iş prinsipləri və idarəetmə prosesləri barədə daha geniş təsəvvür formalaşdırmağa çalışırıq.
“Maarifçi”lər müxtəlif qurumlarla, onların rəhbər vəzifəli şəxsləri ilə tanış olaraq həmin proseslərin idarə olunması mexanizmini izləyirlər. Eyni zamanda, dövlət qurumlarında və xüsusi dövlət qurumlarında proseslərə yanaşmada, ümumiyyətlə, siyasətin icra olunması mexanizmində fərqləri də müəyyən edirlər”.




