Kollec tələbələri 100 mindən artıq çap, 6 mindən çox elektron kitabdan istifadə edə biləcəklər
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin (STK) tələbələri 100 mindən artıq çap və 6 mindən çox elektron formada olan kitabdan istifadə edə biləcəklər.
"Azərbaycan müəllimi" xəbər verir ki, yanvarın 26-da Sənaye və Texnologiya Kollecində direktoryanı müşavirə keçirilib. Müşavirədə müəllim və tələbələrin ADNSU-nun kitabxanasından istifadə etmələri ilə əlaqədar ADNSU tərəfindən STK-ya yaradılan şəraitdən danışılıb. Kollecin direktoru professor Nasim Abışov ADNSU-nun Kitabxana İnformasiya Mərkəzi haqqında qısa məlumat verib.
Bildirib ki, Kitabxana İnformasiya Mərkəzi 2018-ci ilin dekabrından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 106 illik tarixə malik olan Əsaslı Kitabxanasının bazası əsasında formalaşıb. Hazırda ölkənin ən zəngin qədim tarixi və eləcə də çoxsahəli elektron resursları olan ən reytinqli elektron kitabxanalarından biri olaraq fəaliyyət göstərir.
Kitabxananın nəzdində 2022-ci ilin dekabr ayından Açıq kitabxana da var. Kitabxana universitetin elektron şəbəkəsinə qoşulan bir unikal kitabxana sistemi ilə öz oxucularına diferrensial və operativ xidmət göstərir. Hətta "Ebsco", "Polpred.com", "Elsevier Scopus", "Znanium.com", "ProQuest", "Library.ru" kimi beynəlxalq məlumat bazalarına giriş imkanları da var. Bu gün Sənaye və Texnologiya Kolleci də universitetin nəzdində olduğundan tələbələrimiz ADNSU-nun kitabxanasında elektron bazaya
daxil olan 100 mindən artıq çap və 6 mindən çox elektron formada olan kitabdan istifadə edə biləcək. Bu xidmətdən STK-nın pedaqoji kollektivi də yararlanacaq.
Kitabxana İnformasiya Mərkəzinin istifadə qaydaları:
https://asoiu.edu.az/library_detail
Kitabxana sisteminə giriş:
https://asoiu.edu.az/library



