Kolleclərə qəbul olunanların qeydiyyatı BU TARİXDƏ APARILACAQ
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.




