Komitə sədri: 5 yaşlıların təhsili üçün 37 milyon manat nəzərdə tutulub
“2026-cı il dövlət büdcəsində təhsil xərcləri üçün 5 milyard 15 milyon 900 min manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 78 milyon 600 min manat, 2024-cü ilin icrası ilə müqayisədə isə 625 milyon 700 min manat çoxdur. Təhsil xərclərinin dövlət büdcəsində xüsusi çəkisi 12 faiz təşkil edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.
Komitə sədri bildirib ki, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi və sertifikatlaşdırılması davam edir. Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərə diferensial əməkhaqqı sisteminin tətbiqi üçün 2026-cı ilin büdcə layihəsində 212 milyon 800 min manat ayrılıb.
Bununla yanaşı, növbəti tədris ilində məktəbəhazırlıq qruplarına cəlb ediləcək 88 min nəfər 5 yaşlı uşaq üçün zəruri xərclər kimi 37 milyon manat nəzərdə tutulub.



