Könüllülük hərəkatı dövlət gənclər siyasətinin aparıcı istiqamətlərindən biridir - Vüqar Əliyev
“Könüllülük fəaliyyəti gənclərin gələcəyində, həm peşəkar həyatında, həm şəxsi inkişafında, həm də karyera yolunda mühüm rol oynayır. Gənclərin inkişafı istiqamətində atılan addımlar və könüllülük hərəkatı dövlət gənclər siyasətinin aparıcı istiqamətlərindən biridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Vüqar Əliyev “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “10 il birlikdə” adlı yubiley tədbirində səsləndirib.
Vüqar Əliyev bildirib ki, Azərbaycanda könüllülər ordusunun böyük bir hissəsi məhz “Bir Tələbə Könüllü” təşkilatının üzvləri tərəfindən təmsil olunur:
"Hazırda AKTİ öz çətiri altında 32 dövlət qurumunun könüllülük təşkilatını birləşdirir və növbəti dövrdə də yeni könüllülük təşəbbüslərinin yaradılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Qarşıdakı dövr könüllülük hərəkatı üçün əlamətdar olacaq. BMT tərəfindən 2026-cı il “Könüllülər İli” elan edilib və bu istiqamətdə əminik ki, könüllülərlə birlikdə beynəlxalq müstəvidə də könüllülük hərəkatının inkişafı naminə mühüm addımlar atılacaq", – deyə sədr vurğulayıb.


