LDU-da ekoloji problemlərin hüquqi tənzimlənməsinə dair konfrans keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə “Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri” mövzusunda birgə elmi-praktiki konfrans keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, konfrans iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Ramiz Şəmmədov açaraq "Konstitusiya və Suverenlik İli" çərçivəsində ölkəmizdə ekoloji təhlükəsizlik, təbii sərvətlərin qorunması və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınması mövzusunda keçirilən konfransın maarifləndirmə və hüquqi təbliğat tədbirlərinin genişləndirilməsi məqsədinə xidmət etdiyini bildirib.
Konfransda Baş Prokurorluğun əməkdaşlarından Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbovun “Konstitusiya və Suverenlik ili: ətraf mühitin mühafizəsində dövlət siyasəti və hüquqi mexanizmlər”, Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Sarıtel Əliyevanın “Sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi: ekoloji hüquq pozuntularının insan hüquqları kontekstində”, Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyevin “Ekoloji hüquq pozuntularının aktual problemləri və onların aradan qaldırılmasında hüquq-mühafizə orqanlarının fəaliyyəti”, Mətbuat xidmətinin böyük prokuroru Əbdülsəməd Əzizlinin “Mediada ekoloji məsələlərin işıqlandırılması: ictimai məlumatlandırma, informasiya təhlükəsizliyi və düzgün kommunikasiya standartları” mövzularında məruzələri dinlənilib. Məruzələrdə ətraf mühitin qorunmasının vacibliyi, bu sahədə görülən işlər, problemlər, həllini gözləyən vəzifələr, hüquqpozmalar və sair barədə ətraflı danışılıb, mövzu ilə bağlı konkret faktlar açıqlanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



