Lənkəranda "Yaşıl dünya naminə ekofestival" keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsi və Lənkəran Dövlət Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində "Yaşıl dünya naminə ekofestival" keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ekofestivalda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu və digər məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərini və ictimaiyyət nümayəndələrini Lənkəranda fəaliyyət göstərən təhsil müəssisələrinin pavilyonları ilə tanış edib.
Ekofestivala təhsil, mədəniyyət, idman, turizm, sənaye, kənd təsərrüfatı emalı müəssisələri, milli parklar öz pavilyonları ilə qatılıblar. Festivalda yerli istehsal və emal müəssisələrinin çoxçeşidli məhsulları, ayrı-ayrı təsərrüfatlarda yetişdirilən ekoloji təmiz məhsullar, milli və yerli mətbəx nümunələri, sənətkarların əl işləri nümayiş olunub.


