“Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası”nın müsahibə mərhələsinə start verilib

23 Aprel, 2026 - 17:12
“Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası”nın müsahibə mərhələsinə start verilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası” adlı layihənin müsahibə mərhələsinə start verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində icra olunur. 

Layihənin əsas məqsədi strateji düşünən, düzgün və effektiv qərarlar verə bilən, eyni zamanda komandaya motivasiya və ilham aşılayan gələcəyin təhsil liderlərini inkişaf etdirmək, onların bacarıqlarının artırılmasını və davamlı inkişafını təmin etməkdir.

Proqram iştirakçılara müasir idarəetmə yanaşmalarını əhatə edən praktik yönümlü təlim imkanları təqdim edir. Seçilmiş namizədlər təcrübəli mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edəcək, real idarəetmə nümunələri üzərində işləyəcək, şəbəkələşmə və təcrübə mübadiləsi imkanlarından yararlanacaq, həmçinin fərdi mentor dəstəyi əldə edəcəklər. Proqramın sonunda iştirakçılara rəsmi sertifikat təqdim olunacaq.

Layihəyə müraciətlər əsasən rəhbər vəzifədə çalışan və ya bu istiqamətdə inkişaf etməyi qarşısına məqsəd qoyan gənc pedaqoji şəxslər (35 yaşa qədər) arasından qəbul edilib. Hazırda davam edən müsahibə mərhələsi çərçivəsində namizədlərin bilik, bacarıq və liderlik potensialı qiymətləndirilir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası bu təşəbbüs vasitəsilə ölkədə təhsil sahəsində peşəkar idarəetmə mədəniyyətinin inkişafına və yeni nəsil təhsil rəhbərlərinin formalaşdırılmasına töhfə verməyi hədəfləyir.