Linza taxan uşaqlar bunları qətiyyən etməməlidir – Həkimdən xəbərdarlıq

1 Sentyabr, 2026 - 10:50
Linza taxan uşaqlar bunları qətiyyən etməməlidir

Məktəblilər arasında eynəklə yanaşı, kontakt linzalardan istifadəyə də maraq artır. Xüsusilə görmə problemi olan yeniyetmələr daha rahat və estetik görünüş üçün linzalara üstünlük verirlər.

 Bəs məktəb yaşında kontakt linzalardan istifadə nə dərəcədə təhlükəsizdir və ondan istifadə zamanı hansı qaydalara əməl olunmalıdır?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının baş laborantı, həkim-oftalmoloq Gülnar Əliyeva bildirib ki, normal hallarda uşaqlarda linza istifadəsindən çəkinilir:

“Buna səbəb uşaqların gigiyena qaydalarına düzgün riayət edə bilməməsidir.Yalnız  8-12 yaşdan etibarən xüsusi təyinatı olan uşaqlarda kontakt linza istifadəsi mümkündür. Çox az hallarda daha kiçik yaşda uşaqlarda da linzadan istifadə edə bilərik. Bu seçilmiş uşaqlar yüksək anizometropiyası, afakiyası, yüksək refraksion qüsuru olan uşaqlar olur.

Gigiyenaya riayət edilmədən istifadə edilən kontakt linza hər zaman təhlükəlidir. Linzaların uşaqlarda istifadəsində əsas meyar o linzaların hansı yaşda istifadəsi deyil, düzgün istifadəsidir. Uşaqların gigiyenik qaydalara düzgün riayət etməməsi, əllərini yumadan linzalardan istifadə etməsi, bəzi hallarda linza ilə yatmaları çox ciddi fəsadlara səbəb ola bilər. Yalnız afakiya,anizometropiya kimi xüsusu göstərişlər varsa, o zaman linzadan istifadə edə bilərik. Digər hallarda yalnız eynəklərdən istifadə etmək məsləhət görülür”.

Bəs kontakt linzalardan istifadə edən məktəblilər hansı gigiyenik qaydalara mütləq əməl etməlidirlər? Linzaların düzgün istifadə edilməməsi hansı fəsadlara səbəb ola bilər?

Müsahibimizin sözlərinə görə, əlləri yuyub tam qurutmadan linzaya toxunmaq olmaz, linzanı su ilə təmas etdirməmək, linza ilə yatmamaq, linza məhlulunun və qabının gigiyenasına diqqət etmək, linzaları başqasına verməmək linza istifadəsində əsas diqqət olunmalı məqamlardır:

“Kontakt linzalardan düzgün istifadə olunmaması konyunktivit, keratit, buynuz qişanın hipoksiyası, eroziyası və epitel zədələnməsinə səbəb ola bilər. Bu isə öz növbəsində görmənin qalıcı itməsinə səbəb olur.

Linza ilə yatmaq, duş qəbul etmək, hovuza girmək qəti şəkildə yolverilməzdir. Bütün bu hallar gözün zədələnməsinə, görmənin azalmasına səbəb ola bilər”.