Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Aprelin 23-də UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci ilə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, APFM, Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ICFM) və Sertifikatlı Mühasiblər İnstitutunun (ICB) Azərbaycandakı rəsmi nümayəndəsi olmaqla yanaşı, Maliyyə Nazirliyi tərəfindən akkreditə olunmuş peşəkar mühasib təşkilatıdır. Bu baxımdan qurum beynəlxalq standartlara uyğun maliyyə və mühasibatlıq sahəsində ixtisaslaşmış kadrların hazırlanmasında mühüm rol oynayır.
İmzalanmış memorandum çərçivəsində əsas məqsəd tələbə və müəllim heyətinin beynəlxalq standartlara uyğun bilik və bacarıqlarının artırılması, sertifikatlaşdırma imkanlarının genişləndirilməsi, eləcə də birgə təlimlər, konfranslar və praktiki proqramlar vasitəsilə əmək bazarına daha hazırlıqlı kadrların yetişdirilməsidir.
Bu əməkdaşlıq kollecin strateji inkişaf hədəflərinə uyğun olaraq təhsilin keyfiyyətinin artırılmasına və beynəlxalq inteqrasiyanın gücləndirilməsinə xidmət edəcək.



