Maliyyə-İqtisad Kolleci şagirdlər üçün maarifləndirmə görüşləri keçirib
UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci tərəfindən ölkənin şimal bölgələrində – Quba, Qusar, Xaçmaz və Xudat rayonlarında genişmiqyaslı tanıtım tədbirləri təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirlərdə kollecin əməkdaşları və Tələbə Gənclər Təşkilatının sədri iştirak ediblər.
Görüşlərin əsas məqsədi region məktəblərində təhsil alan şagirdləri kollecin ixtisasları, qəbul imkanları və gələcək karyera perspektivləri barədə məlumatlandırmaq olub. Görüşlər zamanı şagirdlərə kollecdə tədris olunan “Bank işi”, “Mühasibat uçotu”, “Maliyyə işi”, “Vergi işi” və “Sosial iş” ixtisasları haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, iştirakçılara kollecdə mövcud təhsil imkanları, subbakalavr pilləsindən ali təhsil müəssisələrinə keçid mexanizmləri, eləcə də təhsil müddətində əldə ediləcək nəzəri və praktiki biliklər barədə məlumat çatdırılıb.
Kollecin maddi-texniki bazası, müəllim heyəti və tələbə həyatı ilə bağlı təqdimatlar da böyük maraqla qarşılanıb. İnteraktiv formada keçirilən görüşlər zamanı şagirdlərin sualları cavablandırılıb, onların gələcək ixtisas seçimi ilə bağlı tərəddüdlərinin aradan qaldırılmasına dəstək göstərilib. Müzakirələr və fikir mübadiləsi şəraitində keçən tədbirlər iştirakçıların fəallığı ilə yadda qalıb.
Qeyd edək ki, bu cür tanıtım tədbirləri region gənclərinin düzgün ixtisas seçimi etməsinə, həmçinin onların gələcək karyera planlamasına mühüm töhfə verir. Ümumilikdə, keçirilən görüşlər uğurla başa çatıb və şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.



