“Masada rəqib, həyatda dost” – Çempionluq mübarizəsi 

23 İyun, 2026 - 17:12
“Masada rəqib, həyatda dost” – Çempionluq mübarizəsi 

Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində keçirilən stolüstü tennis yarışları bu gün də davam edib. Gərgin mübarizə, sevinc dolu qələbələr, çətin anlar və böyük həyəcanlardan sonra artıq finalçılar müəyyənləşib. İyunun 24-də keçiriləcək son qarşılaşmalarda isə MRİO-nun çempionu müəyyənləşəcək.

Bu yarışlar sadəcə medal uğrunda mübarizə deyil. Burada yeniyetmə tennisçilərimizin uzun məşq saatları, yorğunluğa qalib gələn iradələri, məşqçilərin inamı, ailələrin dəstəyi və ən əsası, eyni arzunu paylaşan gənc idmançıların dostluğu var.

"Azərbaycan müəllimi" final qabağı çempionluğa iddialı olan yeniyetmə tennisçilərimizin bir neçəsi ilə söhbətləşib.

Finala yüksələn Saleh Hümbətovun gözlərində sevinc, eyni zamanda narahatlıq  hiss olunur: 5 yaşından tennislə məşğul oluram. Tennisi çox sevirəm. Finala yüksəldiyim üçün çox xoşbəxtəm. Buraya qədər gəlmək asan olmayıb. Bunun üçün uzun müddət çalışmışam. Hər məşqin, hər oyunun öz çətinliyi var. Məşqçim İsmayıl Mirzəyev hər zaman mənə inanıb və ən çətin anlarda belə motivasiya verib. Qarşıda güclü rəqiblərim var, amma özümə güvənirəm. Finalda ən yaxşı oyunumu göstərmək istəyirəm. Sabah masada qarşı-qarşıya olsaq da, oyundan sonra yenə dost olaraq qalacağıq. Məncə, idmanın gözəlliyi də bundadır”.


4 ildir ki, Sumqayıt 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində tennislə  məşğul olan Gülnur Kərimli də sabahın həyəcanını yaşayır. Gülnur həm də Sumqayıtdakı 11 nömrəli tam orta məktəbin VII sinif şagirdidir. Deyir ki, hər oyunda yeni təcrübə qazanır. Məşqçisi Elnur Hidayətzadənin ona olan etimadını hər zaman doğrultmağa çalışır: “Buradakı bütün iştirakçılar güclü idmançılardır. Finalda rəqib olsaq da, hamımız dostuq. Bir-birimizi dəstəkləyirik və bu yarışın ən gözəl tərəflərindən biri də budur. Çempion olmaq istəyirəm, amma ən əsası layiqli mübarizə aparmaqdır”.


Qızlar arasında digər finalçı Alina Muradiyeva da Sumqayıt 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində tennislə  məşğul olur. Yarışın onun üçün xüsusi əhəmiyyət daşıdığını deyir: “Finala qədər gəlmək mənə böyük motivasiya verdi.Həyəcan hiss edirəm, amma bu, xoş həyəcanıdır. İstəyirəm ki, finalda həm özümü, həm də mənə dəstək olan məşqçilərimi Billurə Eminiovanı və Səbinə Əzizlini eləcə də doğmalarımı sevindirə bilim”.


Yarış zalında diqqətimizi çəkən məqamlardan biri də yeniyetmə tennisçilərimizin arasındakı səmimi münasibətlərin olması idi. 

Hamı səbirsizliklə iyunun 24-də keçiriləcək final oyunlarını gözləyir. Həyəcan getdikcə artır, çempionluq arzusu isə hər bir finalçının ürəyində daha da güclənir.

Qızıl medalın sahibi kim olacaq? Bu sualın cavabını final görüşləri verəcək. Amma nəticədən asılı olmayaraq, bu yarış artıq öz qaliblərini- əzmkarlığı, dostluğu və idman ruhunu qoruyan gənc idmançıları yetişdirib.

“Masada rəqib, həyatda dost” – Çempionluq mübarizəsi 
“Masada rəqib, həyatda dost” – Çempionluq mübarizəsi