MDU Bağçaşəhər Universiteti ilə əməkdaşlıq edəcək

23 Dekabr, 2025 - 15:45
MDU Bağçaşəhər Universiteti ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universiteti ilə Türkiyə Cumhuriyyətinin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bağçaşəhər Universiteti arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, tələbə və müəllim mübadiləsinə xidmət edən Anlaşma Memorandumu imzalanıb.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, bu məqsədlə 2025-ci il 23 dekabr tarixində MDU-nun tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri Ceyhun Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Cumhuriyyətinə işgüzar səfər çərçivəsində İstanbul şəhərində yerləşən Bağçaşəhər Universitetində olub.

Görüş zamanı ali təhsil sahəsində qlobal trendlər, akademik mobillik, universitetlərarası əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran istiqamətlər müzakirə edilib.

MDU-nun nümayəndə heyəti universitetin beynəlxalqlaşma strategiyası barədə məlumat verərək, Bahçeşehir Universiteti ilə qurulan əməkdaşlığın tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri, akademik tədbirlər və birgə təhsil proqramlarının həyata keçirilməsi baxımından mühüm imkanlar yaratdığını vurğulayıb.

Görüşün sonunda imzalanan Anlaşma Memorandumu iki universitet arasında institusional əməkdaşlıq üçün ümumi hüquqi çərçivə rolunu oynayaraq gələcəkdə konkret birgə layihələrin icrasına zəmin yaradır.

Memorandum tələbə və magistrantların mübadiləsini, müəllim heyətinin tədris və tədqiqat proqramlarında iştirakını, alim və mütəxəssislərin mühazirə, seminar və təcrübə paylaşımını, elmi və akademik nəşrlərin mübadiləsini, peşəkar inkişaf üzrə birgə layihələrin həyata keçirilməsini, birgə təhsil proqramlarının hazırlanıb icrasını, həmçinin tərəflərin razılığı ilə digər əməkdaşlıq formalarını əhatə edir.

Qeyd edək ki, Bağçaşəhər Universiteti ilə əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və qlobal ali təhsil məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

MDU Bağçaşəhər Universiteti ilə əməkdaşlıq edəcək
MDU Bağçaşəhər Universiteti ilə əməkdaşlıq edəcək
MDU Bağçaşəhər Universiteti ilə əməkdaşlıq edəcək
MDU Bağçaşəhər Universiteti ilə əməkdaşlıq edəcək