Məcnun Məmmədov: Ətraf mühiti qorumağı erkən yaşlardan öyrənmək lazımdır

2 Noyabr, 2025 - 16:10
Məcnun Məmmədov: Ətraf mühiti qorumağı erkən yaşlardan öyrənmək lazımdır

“Təbiəti və ətraf mühiti qorumaq kənd təsərrüfatını qorumaq, ərzağı qorumaq deməkdir. Ərzağın qorunması isə sağlamlığın qorunması deməkdir. Məhz buna görə də hamınızı ətraf mühiti necə qorumağı öyrənməyə, bunun üçün hansı addımları atmalı olduğumuzu erkən yaşlardan dərk etməyə çağırıram ki, millətimizin hər bir damlasını, hər bir yarpağını və hər bir canlısını qoruya bilək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov EcoMind 2025: Təhsil və Ətraf Mühitin Birgə Yenidən Düşünülməsi konfransında söyləyib.

Nazir bildirib ki, ətraf mühitin qorunması millətin sağlamlığının qorunması deməkdir: “Bu gün biz ətraf mühitin mühafizəsini öyrənmək və bu istiqamətdə müzakirələr aparmaq üçün bir araya toplaşmışıq. Kənd Təsərrüfatı Nazirliyi üçün ətraf mühitin qorunması xüsusi əhəmiyyət daşıyır. Ötən il Azərbaycanda COP29 zamanı irəli sürülən təşəbbüslərə əsasən, əsas məqsədimiz fermerləri siyasət formalaşdırma prosesinə cəlb etmək idi. Çünki məhz fermerlər sahədə əsas işi görən insanlardır, onlar həm məsuliyyət daşıyırlar, həm də ətraf mühiti sahədə necə qorumağın yollarını bilirlər. Bununla yanaşı, azad edilmiş ərazilərin Prezident İlham Əliyev tərəfindən “yaşıl enerji zonaları” elan edilməsinin əhəmiyyətini də vurğulamaq istərdim. Biz ekoloqların həmin ərazilərin azad olunmasında oynadığı rolu da unutmamalıyıq.

Ekologiya və ətraf mühitin qorunması hər zaman, hər səviyyədə vacibdir”, – deyə nazir bildirib.