Media subyektlərimiz COP29-da yüksək peşəkarlıq göstərib – Əhməd İsmayılov

17 Dekabr, 2024 - 11:30
Media subyektlərimiz COP29-da yüksək peşəkarlıq göstərib – Əhməd İsmayılov
Media subyektlərimiz COP29-da yüksək peşəkarlıq göstərib – Əhməd İsmayılov

Paytaxt Bakının müstəqillik tariximizin ən böyük, qlobal miqyaslı tədbirinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun və lider mövqeyinin göstəricisidir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media savadlılığı” konfransında çıxışı zamanı deyib.

Ə.İsmayılov qeyd edib ki, Azərbaycanın dinamik ictimai mühiti, dünyanın diqqət mərkəzində olması yerli medianın fəaliyyətinə ciddi təsir göstərib. Bundan başqa, bu amillər onun tək ölkə daxilində deyil, beynəlxalq media gündəminin formalaşdırılmasında peşəkar fəallığının artması üçün ciddi informasiya əsası yaradıb: “COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun günü-gündən artmasının, regional və qlobal layihələrin həyata keçirilməsində öz üzərinə yeni rol və məsuliyyət götürməsinin növbəti təzahürü idi.  

BMT tərəfindən dünyanın bir nömrəli qlobal problemi hesab edilən iqlim dəyişikliklərinə həsr olunmuş COP29-un effektiv işıqlandırılması, onun mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətin dolğun məlumatlandırılması baxımından səmərəli media və kommunikasiya mexanizminin qurulması ictimai rəyin düzgün formalaşdırılması üçün müstəsna əhəmiyyət daşıyırdı. Apardığımız təhlillər göstərir ki, Azərbaycanın bütün media subyektləri müstəqillik tariximizin ən böyük tədbiri zamanı yüksək peşəkarlıq nümayiş etdirib, həm yerli, həm də xarici auditoriyanın informasiya ilə təmin edilməsində səylərini əsirgəməyiblər. 
Fürsətdən istifadə edərək, COP29 zamanı fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirmiş jurnalistlərimizi bir daha təbrik edir, təşəkkürümüzü bildiririk!”