Mediada inklüziv kommunikasiya məsələsi hüquqi diqqət və məsuliyyət tələb edir - Nazir müavini 

18 Dekabr, 2025 - 11:06
Mediada inklüziv kommunikasiya məsələsi hüquqi diqqət və məsuliyyət tələb edir - Nazir müavini 

"Bu gün qalib Azərbaycanın inkişaf strategiyasının əsas xüsusiyyətlərindən biri inklüziv inkişafın təmin edilməsidir". 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilən “Mediada inklüziv dildən istifadənin təşviqi” mövzusunda seminarda çıxışı zamanı bildirib. 

“Mediada inklüzivliyə zidd terminlərə də tez-tez rast gəlinir. Bu səbəbdən, mediada inklüziv kommunikasiya məsələsi hüquqi diqqət və məsuliyyət tələb edir. Bu gün keçirilən seminar da məhz mediada inklüziv dildən istifadənin təşviqinə, terminologiya ilə bağlı biliklərin artırılmasına, tövsiyə olunan və olunmayan ifadələr barədə aydınlıq yaradılmasına xidmət edəcək".

Nazir müavini qeyd edib ki, reabilitasiya xidmətləri ilə təmin olunan şəxslərin illik sayı 10 dəfədən çox artıb, dövlət büdcəsi hesabına təqdim edilən reabilitasiya vasitələrinin növlərinin sayı təxminən 4 dəfə, həmin vasitələrin illik təminat sayı isə 3 dəfəyə yaxın yüksəlib.