“Mehribanlığı ona hörmət qazandırırdı” - Aprel döyüşlərinin könüllü qəhrəmanı xatirələrdə

3 Aprel, 2026 - 17:24
“Mehribanlığı ona hörmət qazandırırdı”

2016-cı ilin aprelində baş verən və Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi kimi yazılan Aprel döyüşləri zamanı yüzlərlə igid oğul Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Onlardan biri də könüllü olaraq döyüş bölgəsinə yollanan, mərdliyi və insanlığı ilə yadda qalan Əsədli Fərman Elçin oğlu idi.
“Azərbaycan müəllimi” şəhidin qəhrəmanlıq yoluna işıq salıb.

Şəhid ailələrinə göstərilən diqqət və qayğının ifadəsi olaraq Fərman Əsədliyə şəhid statusu verilib,  Prezident tərəfindən “Şücaətə görə” medalı ilə təltif olunub. Xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunda yaşadığı küçəyə də onun adı verilib. 

Könüllü fədakarlıq nümunəsi

Döyüşlərin başlandığını eşidən Fərman Əsədli mülki şəxs olmasına baxmayaraq, tərəddüd etmədən yaxın qohumu ilə birlikdə Tərtər rayonu istiqamətinə yollanır. Məqsədi sadə idi – yaralılara, mülki əhaliyə və əsgərlərə yardım etmək, onlara mənəvi dayaq olmaq.

Ağır döyüşlərin getdiyi məqamda göstərilən bu dəstək Azərbaycan əsgərinin ruhunu daha da yüksəldir. Fərman və onun kimi könüllülərin varlığı döyüşçülərə arxalarında xalqın dayandığını bir daha hiss etdirirdi.
Son səfəri isə zabit Mübariz Rəhimovu xidmət yerinə apararkən olur. Şıxarx qəsəbəsi yaxınlığında düşmənin atdığı D-30 mərmisinin qəlpələri nəticəsində ağır yaralanan Fərman Əsədli xəstəxanada vəfat edərək şəhidlik zirvəsinə ucalır.

Cəmi 26 il ömür sürən Fərman Əsədli qısa həyatında böyük iz buraxdı. Ailəli idi, körpə övladı vardı. Lakin o, şəxsi rahatlığını düşünmədən Vətənə xidmət borcunu üstün tutdu.

Müəllim xatirəsi: “O, sadəcə şagird deyildi…”

Fərman Əsədlini yaxından tanıyan müəllimlər onun haqqında böyük sevgi və qürurla danışırlar. Samux rayon Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin biologiya müəllimi Turkan Əsədova xatirələrini bölüşür: “Mən Fərman Əsədlini 7, 8 və 9-cu siniflərdə tanımışam. Ona biologiya dərsi demişəm. Amma etiraf edim ki, Fərman mənim üçün sadəcə dərs dediyim bir şagird deyildi… O, xarakteri, davranışı və insanlığı ilə yadda qalan nadir uşaqlardan idi”.

“Fərman hər zaman mərdliyi, mərhəməti və gözəl rəftarı ilə yaşıdlarından seçilirdi. Çox mehriban, diqqətli və daxilən işıqlı bir uşaq idi. Onun pozitiv aurası vardı – sinfə daxil olanda sanki mühit dəyişirdi”, - deyir Türkan müəllim.
Müəllim bildirir ki, Fərman həm də mərhəmətli, xeyirxah oğlan idi: “Məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak edərdi. Ən təsir edən məqamlardan biri isə onun imkanları zəif olan şagirdlərə dəstək göstərməsi idi. Elə edirdi ki, heç kim tədbirlərdən kənarda qalmasın”.

“Bayramlarda və xüsusi günlərdə bütün müəllimləri tək-tək təbrik edərdi. Hətta məktəbdən kənarda belə diqqətini əsirgəməz, müəllimlərinin evinə gedib hal-əhval tutardı”,- müəllim xatirələrin ağuşunda deyir. 

Bu gün o, şagirdini qürurla anır:“Bu gün onun haqqında danışarkən həm qürur hissi keçirirəm ki, belə bir şagirdə dərs demişəm, həm də kövrəlirəm. Fərman kimi insanlar unudulmur…”

Dost xatirəsi: “O, ürəyi ilə yaşayan insan idi”

Fərman Əsədlinin tələbəlik yoldaşı, dostu Mirzə Məmmədov da onu səmimiyyəti, sadəliyi və dürüstlüyü ilə xatırlayır: “2007-ci ildə məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisasına qəbul olunmuşam. Elə həmin tələbəlik illərində Fərman Əsədlini tanımışam. Biz eyni qrupda təhsil almışıq. Fərman mehriban dost idi... Hər bir məsələyə yanaşması ürəkdən idi. Onun üçün iki mənalı söhbət anlayışı yox idi, hər kəsə səmimiyyətlə yanaşardı”.
Onun xarakterində ən çox seçilən cəhət ədalətli olması idi: “Heç vaxt haqsızlığa göz yummazdı. Çox sadə və yumşaq ürəkli idi. Ürəyi çox açıq idi”.

Dostları onun həyat seçimlərini xatırlayarkən Fərmanın vətəndaş mövqeyini xüsusi qeyd edirlər: “Əsgər olmayıb, vətəndaş olub. Amma o heç nə düşünmədən, Vətənə  kömək lazım olan vaxtda gözünü qırpmadan getdi”.

Onun insanlarla münasibəti və qazandığı hörmət isə hər yerdə eyni idi – istər mülki həyatda, istərsə də hərbi mühitdə: “Bizim hərbi hissədə 2000 nəfər var idi. Əsgərindən tutmuş zabitinə qədər hamı Fərmanı tanıyırdı. Mehriban aurası hamının ona qarşı hörmətini qazandırmışdı”.

Bu xatirələr Fərmanın qısa ömrünün necə böyük mənaya sahib olduğunu bir daha göstərir: “Fərman 26 yaşa ölməzliyi sığdırdı. Cismən bu dünyadan köçsə də, onun xatirələri yaşayır”.

Onun yoxluğuna təsəlli verən ən böyük mənəvi bağ isə qızıdır: “Bizə qoyduğu ən böyük xatirə qızıdır. Xatirəyə baxanda Fərmanı xatırlayırıq”.

Fərman Əsədli bu gün təkcə bir şəhid kimi deyil, həm də bir insanlıq nümunəsi kimi xatırlanır. Onun həyatı göstərir ki, qəhrəmanlıq yalnız döyüş meydanında deyil, həm də gündəlik davranışlarda, insanlara münasibətdə, mərhəmətdə və dürüstlükdə formalaşır. Onun adı verilən küçə, haqqında yazılan kitablar və ən əsası insanların yaddaşında yaşayan xatirəsi – bütün bunlar Fərman Əsədlinin ölməzliyinin sübutudur.

Vətən sağ olsun!